52123f12-b87b-4830-b739-62fd5b1065ae..jpg

Azərbaycan XİN: “Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır”

Baxış sayı: 719 dəfə baxılıb.

Azərbaycan XİN: “Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi 5 aprel 2024-cü il tarixində Brüsseldə
Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi ilə bağlı xəbərlərə
münasibət bildirib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadə açıqlama verib.

O bildirib ki, məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Avropa
İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə
müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə
edib:

“Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi
Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı
normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib.
Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı
delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və
Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər
mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq
Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən
xahiş olunub.

Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP
əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin
Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən
anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan
əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə
malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir
əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan
bəyanatlarla müşayiət olunur.

Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral,
mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın
suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim
təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən
fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi
məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın
hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və
hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı
kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi
əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa
Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və
aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair
məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl
gətirir.

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik
təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının
Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada
qeyd-şərtsiz dəstək almayıb.

Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli
və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən
konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və
regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və
inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara
sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri
yaradır.

Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel
tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana
qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə
dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ
Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti
bölüşəcəklər.

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə
və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir
daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni
eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə
çağırırıq”.

Source link