2257fc0c-c4df-450a-bef5-83a19269ff22..jpg

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yayıb

Baxış sayı: 869 dəfə baxılıb.

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında
Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana
qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli
müvəqqəti tədbirlər barədə qərarını qeydə alıb”.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib:

“Biz Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha
təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul
edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan
tələbini rədd edən qərarını alqışlayırıq. Həmçinin diqqətəlayiq haldır ki,
Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin
Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd
edib.

Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın
erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli
və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və
mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt
erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə
Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək
onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq
öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını
Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir.

Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini
asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair
tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu
sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır. Bu, ölkəmizə qarşı
irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir.

Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi
mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini
qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməməsi eyni zamanda
Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.

Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan
maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları
və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə
bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni
şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni
istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir.

Azərbaycan CERD üzrə öhdəliklərinə ciddi yanaşır. Biz beynəlxalq hüquq
çərçivəsində bu öhdəlikləri və bütün insanların hüquqlarını qorumağa sadiq
qalırıq və diqqətimizi dinc və firavan bir regionun qurulmasına yönəltmişik”.

Source link