9409567a-3f71-4109-8ee2-81ab79b0677a..jpg

Azərbaycan XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin vaxtı AÇIQLANDI

Baxış sayı: 637 dəfə baxılıb.

Azərbaycan XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin
vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) işə
qəbulda dörd bacarıq üzrə qiymətləndirilmə aparılacaq.

Mərkəzdən verilən məlumata görə, XİN-ə diplomatik xidmətə işə qəbul üzrə
keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir
tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal
və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər
buraxılır.

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə
ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4
bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə
qiymətləndirilməsi aparılacaq.

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və
Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə
dinləmə mətninin təqdim olunması ilə başlanır. Yazılı imtahanın strukturu
aşağıdakı kimidir:

Xarici dil üzrə dinləyib-anlama bloku – (30 dəqiqə)

Monoloq və dialoq tipli dinləmə mətnlər üzrə dinləyib-anlama bacarığının
yoxlanılmasını nəzərdə tutan 10 qapalı tipli test tapşırığı.

Xarici dil üzrə oxuyub-anlama bloku – (60 dəqiqə)

İki müxtəlif oxu mətni üzrə bacarığın ölçülməsini nəzərdə tutan 20 qapalı
tipli test tapşırığı.

Xarici dil və Azərbaycan dili üzrə yazı bloku – (90 dəqiqə)

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan esse tipli yazı
tapşırığı. Namizədlər təqdim olunmuş üç mövzudan birini seçir və seçilmiş mövzu
üzrə həm müvafiq xarici dildə, həm də Azərbaycan dilində 250-300 sözdən ibarət
esse yazırlar.

Danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində DİM-in Nəsimi
rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının
yanı) yerləşən inzibati binasında keçiriləcək.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə
həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları
üçün yaxın günlərdə müvafiq link-məlumat paylaşılacaq. Qeyd edək ki, yalnız
ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq
proqramın demo versiyası ilə tanış ola biləcəklər.

Xarici dil üzrə danışıq bloku (20 dəq)

Kompüter proqramı vasitəsilə təşkil olunan üç mərhələli qiymətləndirməni
nəzərdə tutan tapşırıqlar.

Yazıya qoyulan tələblər

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan və həm xarici dil,
həm də Azərbaycan dilində təqdim olunan esse tipli yazıya qoyulan tələblər
aşağıdakı kimidir:

Esse seçilmiş xarici dildə (və ya Azərbaycan dilində) olub verilmiş mövzunun
konkret adına uyğun işlənilməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və
nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 250-300 söz olmalı; Mövzu dolğun və tam şəkildə əhatə edilməli; Fikirlər
məntiqi ardıcıllıqla təqdim edilməli; Mövzu ilə bağlı sərbəst mühakimə
yürüdülməli;

Analitik təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarmaq qabiliyyəti
göstərilməli;

İfadə olunan fikirləri (ehtiyac yarandığı halda) əsaslandırmaq üçün sitatlar,
nümunə, təcrübə, fakt və başqa mənbələr yerində istifadə olunmalı;

Xarici dilin (Azərbaycan dilinin) yazı üslubunun orijinallığı, dilin
zənginliyi və səlisliyi nümayiş etdirilməli;

Fikirlər rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatika,
orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə
edilməlidir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı
işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində
məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər
mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin
oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: Həm xarici dil, həm də Azərbaycan dili üzrə esse tipli yazı işini
yerinə yetirmək üçün namizədlərə təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi
qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər
qiymətləndirmədə nəzərə alınmır.

Qeyd 3: “A” meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə
qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.

Danışıq bloku imtahanı üzrə qoyulan tələblər

Xarici dildə danışıq bloku üzrə də qiymətləndirmə meyarlara əsasən aparılır və
meyarlar (1) səlislik və məntiqi ardıcıllıq, (2) qrammatik qaydalara əməl
olunma, (3) söz ehtiyatının zənginliyi, (4) tələffüz və (5) sualların
cavablandırılması dərəcəsi kimi fərqləndirilir.

Danışıq bloku üzrə namizədlər tapşırıqlara şifahi cavab verərkən aşağıdakı
tələblərə əməl etməlidirlər:

– Müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə fikirlər arasındakı
rabitəni gözləməli;
– Xarici dildə danışarkən səlisliyi və dəqiqliyi gözləyərək savadlılıq
səviyyəsini nümayiş etdirməli;
– Fikirləri rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatik
qaydalarına müvafiq olaraq ifadə etməli;
– Mövzuya uyğun zəngin akademik söz ehtiyatı nümayiş etdirərək təkrarlardan
yayınmalı;
– Qəbul olunmuş standartlara uyğun tələffüz nümayiş etdirməli;
– Mövzu ilə bağlı tərəflərin mövqeyini faktlar və dəlillərlə əsaslandırmalı;
– Suallara məntiqli və əhatəli cavab təqdim etməlidirlər.

Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı
təsvirinə istinad edir. Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir.
İmtahan günü namizəd buraxılış vərəqəsində qeyd olunan saatda imtahan binasına
yaxınlaşır, yoxlama və qeydiyyatdan keçdikdən sonra imtahan zalına daxil olur.
Namizəd ona ayrılmış yerdə əyləşir və imtahan zalında digər namizədlərlə bir
yerdə nəzarətçinin ümumi təlimatını dinləyir və göstərişləri yerinə yetirir.

Birinci mərhələdə iddiaçı verilmiş şəkli öncə təsvir edir, sonra isə artan
çətinlikdə olan mövzu üzrə suallara aid fikrini bildiririr, səbəblər gətirir və
izahatlar verərək cavabını əsaslandırır. Bu tapşırıqda birinci sual şəklin
təsvirini (bir dəqiqə) tələb edir. İkinci sual daha ümumi (bir dəqiqə), üçüncü
sual (bir dəqiqə) isə nisbətən xüsusi xarakter daşıyır. Bu mərhələ üçün hər
suala düşünmək üçün bir, cavablandırmaq üçün isə bir dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə verilmiş mövzuya uyğun olaraq təqdim olunmuş lehinə və
əleyhinə fikirlər əsasında namizəd ona uyğun olanları seçərək fikrini
əsaslandırmaq üçün arqumentlərdən istifadə etməklə təqdimetmə bacarığını
nümayiş etdirir. Bu zaman namizədlərə təqdim olunmuş mövzu üzrə düşünmək üçün
üç, cavablandırmaq üçün isə iki dəqiqə vaxt verilir.

Üçüncü mərhələdə iddiaçıya ikinci mərhələdə verilmiş mövzu ilə əlaqədar bir
fikir təqdim olunur və namizəddən bu fikrə münasibət bildirmək tələb olunur.
Sonuncu mərhələdə düşünmək üçün bir, sualı cavablandırmaq üçün bir dəqiqə vaxt
verilir.

Vaxta nəzarət və növbəti mərhələlərə keçid kompüter proqramı vasitəsilə
avtomatik qaydada aparılır və sualların cavablandırılması mərhələsində
namizədin texniki müdaxiləsi tələb olunmur.

İkinci mərhələ üzrə balların hesablanması

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”,
“oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə
hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar
əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin
bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən
(“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama”
və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən
namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab
olunurlar.

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki
mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə
mərhələsinə buraxılır. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın
1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil
fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə
toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.

Source link