Azərbaycan XİN: “Nikol Paşinyanın aqressiv ritorikası sülh perspektivlərinə
xələl gətirir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“17 oktyabr 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın
Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu
ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək
sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu
nümayiş etdirdi”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) N.Paşinyanın Avropa
Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı
iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq
hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək
təhqiramizdir:
“30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental
hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar
törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana
getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla
yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən
BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə
açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində
Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin
təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının
bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda,
Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər
məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür
ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur.
Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü
və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina
prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu
prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən
artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz
Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur.
Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına
gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd
nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin
etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər
vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu
yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki
bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək
cəhdlərinin əsassızlığı qeyd edilməlidir.
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və
ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan baş nazirinin ərazi
bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi
ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin
ərazisinə iddia etməyib”.
XİN-dən bildirilib ki, Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham
etməsinin reallıqla heç bir əlaqəsi yoxdur:
“Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional
layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Üstəlik, görünür ki,
Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq
niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və
yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu
istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir.
Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar
Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini
təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti
növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən
Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir
yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli
olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda
nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın
Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin
yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və
əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə,
Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə
xələl gətirir”.