0f109963-fdd5-4041-a96c-a76ae8155234.webp

Azərbaycan XİN rəsmisi Avrokomissar Nikolas Şmitə cavab verib

Baxış sayı: 271 dəfə baxılıb.

“Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial
hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi
qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik”.

Cixisyolu.com xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadənin iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas
Şmitin Avropa Parlamentində müzakirələr zamanı səsləndirdiyi əsassız
iddialarına dair şərhində yer alıb.

“Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu
bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti
uğursuz müdaxilə cəhdidir.

Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə
cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan
haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi
motivli olması iddiası kökündən yanlışdır.

AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz
olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız
Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir”, – A.Hacızadə qeyd edib.

XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqının aidiyyəti qurumlarının
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ
ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan
İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində
həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda
həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə
aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi
fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və
Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur:
“Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin
cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə
əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha
nümayiş etdirir.

Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülh və sabitliyə
zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq”.

Source link