e859dd53-87aa-4888-b476-5c4fd6db090e.webp

Azərbaycan XİN: “Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir”

Baxış sayı: 266 dəfə baxılıb.

“Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr
tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə
rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın
çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən
həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi
əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və
xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində deyilir.

“Sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş
hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının,
Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə
gözardı edilməsi təəssüf doğurur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı
1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin
dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin
ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan
Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya
erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur.

Eyni zamanda, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi
fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal
xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması
ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin
Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz
hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha
xatırlatmaq istərdik.

Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər
Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və
digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən
şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə
Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və
təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu
şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var.
Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin
heç bir əhəmiyyəti yoxdur.

Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland
münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırırıq” ,
– deyə Ayxan Hacızadə vurğulayıb.

Source link