28557995-8a49-403d-bab3-d03216bf6412..jpg

Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb

Baxış sayı: 841 dəfə baxılıb.

Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə
bağlı bəyanat yayıb.

Bu barədə XİN-dən bildirilib.

“26 fevral 2023-cü il tarixində, Ermənistan silahlı qüvvələri tərəfindən
Xocalıda törədilmiş dəhşətli soyqırımından 31 il ötür.

Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı
dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən
faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı
Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur.

Ermənistan işğal siyasəti çərçivəsində Xocalı soyqırımından əvvəl Bağanis
Ayrım, Qaradağlı, Meşəli, Kərkicahan, Malıbəyli və Qaradağlı kimi yaşayış
məntəqələrində azərbaycanlı əhali qabaqcadan hazırlanmış plan əsasında xüsusi
amansızlıqla qətlə yetirilmiş və onlara qarşı qırğınlar törədilmişdir.

Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı
qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı
qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı motoatıcı
alayının köməyi ilə Xocalını işğal etdilər.

İşğal nəticəsində, şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o
cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir
və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri aldı. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26
uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu
hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq
valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.

Xocalı soyqırımı, dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi
Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata
keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin
tərkib hissəsi idi.

Xocalı soyqırımı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı
törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı
cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə
pozulmasıdır. Buraya Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı
Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması daxildir.

Hazırda 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı,
eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda
dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə
cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında
Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını
“müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan
xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Beynəlxalq hüquqa əsasən dövlətlər, Ermənistan silahlı qüvvələri tərəfindən
Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq və cinayətkarları
mühakimə etmək öhdəliyi daşıyırlar. Lakin bu günədək, Xocalıda törədilən
cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət
məsuliyyətinə cəlb edilməyib.

Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq
prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində
deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki
əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de
Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və
London, Nyu-York Universiteti Nəşriyyatı, 2003, səhifə 172).

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması Ermənistan
tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi
əməliyyatlar zamanı da davam etdirildi. Döyüş əməliyyatların getdiyi cəbhə
bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi
şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə
alan Ermənistan, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına
əl atdı. Ermənistan bu dəfə müasir növ reaktiv raket qurğuları və kasetli
sursatlardan istifadə edərək növbəti dəfə qanunsuz olaraq dinc azərbaycanlı
əhalini hədəfə alaraq qətlə yetirdi.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq
hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə
məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət
edəcək.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər
öz layiqli cəzalarını almalıdırlar.

Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların
xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!”

Source link