Dekabrın 10-da Almaniyanin Freyzinq şəhərində yeniyetmə oğlanlar arasında U16 Avropa Çempionatı C Divizionunun (Priştina, Kosovo) və kişilər arasında kiçik ölkələrin Avropa Çempionatı C Divizionunun (Limerik, İrlandiya) püşkatma mərasimi keçirilib.
Azərbaycan Basketbol Federasiyasının yaydığı məlumata görə, püşkatmada FİBA Avropanın Prezidenti Turqay Dəmirəl, FİBA Avropanın icraçı direktoru Kamil Novak iştirak ediblər.
Tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.
Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.
16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.
Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.