Azərbaycan ziyalıları və ədəbiyyatçıları Natəvanın Fransadakı heykəlinə qarşı
rəftarı pisləyiblər – BƏYANAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın tanınmış ziyalıları və ədəbiyyat nümayəndələri Fransada
Xurşudbanu Natəvanın abidəsinə qarşı edilənlərlə bağlı bəyanat qəbul ediblər.
Bəyanatda deyilir:
“Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri,
vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə
Fransanın Evian-le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş
etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını
Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.
Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam,
maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi
tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli
fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni
zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi
tanınır.
Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində
azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani
şəkildə göstərir. Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi
oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.
Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının
bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin
abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti,
nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.
Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan
mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi
1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa
çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.
Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi.
Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də
abadlaşdırıldı.
Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü
abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir.
Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in
Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri
qarşısında baş verib.
Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.
Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə
Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir.
Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər
təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-le Ba
şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır.
Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.
2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı
şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa
hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu,
Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır.
Yelisey Sarayından buna son qoyulmasını tələb edirik.
Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan
qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı”
sözlərini yerinə qaytarmağa çağırırıq.
Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada
Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.
Yelisey Sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə
qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan
çıxarması əvəzinə, Parisdəki Azərbaycan Səfirliyinə edilmiş hücumu araşdırmalı,
günahkarları cəzalandırmalıdır.
Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir.
İmzalar:
Anar – Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;
Fərhad Xəlilov – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;
Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri;
Rasim Balayev – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri;
Çingiz Abdullayev – Xalq yazıçısı;
Sabir Rüstəmxanlı – Xalq şairi;
Nəriman Həsənzadə – Xalq şairi;
Ramiz Rövşən – Xalq şairi;
Mövlud Süleymanlı – Xalq yazıçısı;
İlgar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Elçin Hüseynbəyli – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;
Bəyimxanım Verdiyeva – Xan Şuşinski Fondunun sədri;
Nəsiman Yaqublu – “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai
Birliyinin sədri
Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai
Birliyinin sədri;
Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
Nuriyyə Hüseynova – Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai
Birliyinin sədri”.