Beynəlxalq Vitis kataloquna (VIVC) erməni mənşəli kimi daxil edilmiş 20-yə
yaxın yerli üzüm sortunun molekulyar-genetik üsullarla Azərbaycan mənşəli
olduqları sübut edilib və bazada müvafiq dəyişiklik olunub.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və
Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.
“Bunların arasında ən qədim və qiymətli “Mələyi”, “Xındognı”, “Hərnə-qırna”,
“Misqalı”, “Ağ Aldərə”, “Hüseyni”, “Gülabı”, “Növrəst” və başqa sortlar var.
Bununla yanaşı, ötən il təmiz genetik profilə malik olan 10 yerli üzüm sortumuz
(“Sultanşirə”, “Novxanı qırmızı üzümü”, “Sultanı kişmişi”, “Gecdəyən ağ üzüm”,
“Zaqatala ağ üzümü”, “Qara şanı”, “Şirvanşahı”, “Qaraşirə”, “Qızıl üzüm”,
“Elmin”) VIVC kataloquna daxil edilib”, – deyə o qeyd edib.
“Azərbaycan yerli üzüm sortlarının genetik müxtəlifliyinin öyrənilməsi,
qorunması, davamlı istifadə edilməsi, bədnam qonşularımızın öz adlarına çıxdığı
sortlarımızın əzəli adlarının qaytarılması və mənimsənilmələrinin qarşısının
alınması bizim ən vacib işlərimizdən biridir. İndiyə qədər institut üzümün
kolleksiya bağını elmi ekspedisiyalar əsasında aşkar edib, toplanan sort və
formalarla zənginləşdirib, həmçinin beynəlxalq təşkilatlar və bazalarla
(Bioversity International, COST, INRA, VIVC və s.) əməkdaşlıq nəticəsində
morfoloji, deskriptor, genetik əlamətləri təsvir edilməklə beynəlxalq bazalara
daxil edib. Hazırda həmin bazalarda Azərbaycanın 400-ə qədər yerli üzüm
sortları barədə məlumat mövcuddur.
2019-cu ildən başlayaraq Almaniyanın “Institute for Grapevine Breeding
Geilweilerhof” İnstitutu ilə əməkdaşlığın nəticəsində 350-dən çox yerli üzüm
sort və formalarının molekulyar-genetik tədqiqatları həyata keçirilib. Nəticədə
yeni unikal profilə malik genotiplər üzə çıxıb, sortlarımız genetik təmizlənib,
onların omonimləri, sinonimləri müəyyən edilib. Bu, gələcəkdə sortlarımızın
qorunmasına, sertifikatlı tingçiliyin inkişafına xidmət edəcək. Bununla yanaşı,
bu, bizə imkan verir ki, sortlarımızı ermənilərdən qoruyaq. Çünki onlar bizim
üzüm sortlarımızı da öz adlarına çıxarmaq istəyirlər”, – deyə direktor əlavə
edib.
“Araşdırmalara əsasən hesab edirik ki, üzümün ən qədim vətəni kimi
Azərbaycanda 600 adda üzüm sortu əkilib-becərilib. İndiyə qədər elmi əsaslarla
öyrənilməyən üzüm sort və formalarımızın aşkar edilib toplanması və onların
müasir üsullarla öyrənilərək artırılması, qorunub saxlanılması, səmərəli
istifadəsi və onlar haqqında lazımı məlumatların beynəlxalq məlumat bazalarına
yerləşdirlməsi institutumuzun qarşısında duran ən başlıca hədəflərdən biridir”,
– deyə V.Səlimov vurğulayıb.