Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.
ÇıxışYolu.Com məlumat verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklər edilir.
Qeyd edək ki, dəyişikliklər layihəsi Milli Məclisin (MM) Səhiyyət komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycanda həmçinin, ksenotransplantasiya qadağan edilir.
Bununla bağlı adıçəkilən qanuna yeni maddə əlavə olunacaq.
Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.
Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.
Eyni zamanda, Azərbaycanda canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri konkretləşib.
Belə ki, mövcud qanunun 12-ci (Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri) maddəsinə edilən dəyişikliyə əsasən, digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.
Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
Canlı donor resipientin qohumu olmalıdır, qohumluq əlaqəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır,
Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır,
Canlı donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir,
Canlı donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır,
Canlı donor resipientin həyat yoldaşı olduğu halda ən azı 1 il rəsmi nikahda olmuş olmalıdır,
orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə tibbi uyqunluğu müəyyən olunmalıdır.
Əlavə edilən 12-1 (Etika Komissiyası) maddəsində qeyd olunur ki, qohum olmayan canlı donorlardan orqanın alına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı nəzdnində ictimai əsaslarla etika komissiyası yaradılır. Komissiya tərkibində psixoloq və hüquqşünas daxil olmaqla 5 nəfərdən ibarət təşkil edilir.
Etika komissiyası donorun şəxsiyyətini, könüllülüyünü və bu qanunun V maddəsinin uyqunluğunu araşdıraraq şəxsin donor olub-olmanası barədə müvafiq qərar qəbul edir.
Etika komissiyasının tərkibində və işində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.
Qanunun 13-cü (Canlı donorun hüquq və vəzifələri) maddəsi yeni redaksiyada verilir:
Canlı donorun hüquqları aşağıdakılardır:
orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq,
bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq,
daimi dispanser müşahidəsində olmaq,
özünə orqan köçürülməsinə ehtiyac yaranarsa donor orqanı ilə növbədənkənar təmin olunmaq,
donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.
Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.
Qanunun 14-cü (Canlı donordan götürülən orqan və toxumalara məhdudiyyət) maddəsinə edilən dəyişikliyə əsasən isə, canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın.
Bununla yanaşı, ölkədə beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək.
Yəni, sözügedən qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor-ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunur.
Bundan başqa, “Canlı donor – öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.
Hazırkı qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istfadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər.
Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş -bacılarından biri), və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.
Qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər.
Bu halda məhkəmə – tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı iləhəyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).
Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansi bir icazə və vəsiyyət olunmadan da alına bilər.
Meyitdən alınmış orqanların transplantasiyası növbəli qaydada, tibbi göstəriş əsasında öncəliklə Azərbaycan Respublikası vətəndaşlarına olunmalıdır.
Qanunun 10-cu (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) maddəsinə edilən əlavəyə əsasən, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında verilir. Həkim briqadası müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.
Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunduğu (hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokol donor orqanının alındığı tibb müəssissəsində 15 (on beş) il saxlanmalıdır.
11-ci (Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi) maddəyə əsasən, meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.
Yeniliyə əsasən isə, meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsi prosesi məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılır və ya ekspertiza orqanlar alındıqdan sonra həyata geçirilir.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com