7049f59a-2d31-488d-a6b1-79d51658ee70.jpg

Azərbaycana qarşı “səlib yürüşü”: Bakı oyunları pozacaq

Baxış sayı: 174 dəfə baxılıb.

Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o
cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə
çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər.

İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq
lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə – BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Görünən odur ki, bəzi
güclər bunu, Azərbaycanın artan nüfuzunu həzm etmək istəmirlər. Bunu açıq
şəkildə büruzə verirlər.

Əslində, bu, ilk belə hal deyil. Rəsmi Bakı əvvəllər də oxşar hallarla
qarşılaşıb. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları,
2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin
“Formula 1” yarışları, “Avroviziya” musiqi müsabiqəsi kimi mühüm tədbirlər
ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.

Azərbaycan qurulan çirkin oyunların fərqindədir. Rəsmi Bakı müntəzəm olaraq
müxtəlif səviyyələrdə yaydığı bəyanatlarla qurulan oyunları ifşa etməyə çalışır.

Qərbi Azərbaycan İcmasının (QAİ) da oktyabrın 8-də yaydığı bəyanatda
bildirilib ki, COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrinin Azərbaycana
qarşı təzyiqləri və hücumları daha da güclənir.

Qeyd olunub ki, müxtəlif anti-Azərbaycan qüvvələrin yaydığı bəyanatlar
Azərbaycana qarşı son həftələrdə artan hücumların vahid bir mərkəzdən idarə
olunduğunu bir daha göstərir.

Həmçinin, bəyanatda deyilib ki, Azərbaycanın öz suverenliyini bərpa etməsini
həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq
arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizin nüfuzunu ləkələmək
cəhdidir.

“Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı
ötən ilin avqust ayında icmamızın “Amnesty International” və “Human Rights
Watch”a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları
prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar “Amnesty
International” və “Human Rights Watch”un məlum dairələrin əlində bir siyasi
vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik, dini əsasda
ayrı-seçkilik siyasəti apardığını sübut edir.

Biz “Amnesty International” və “Human Rights Watch”un anti-Azərbaycan
mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik
siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə
çağırırıq”, – bəyanatda vurğulanıb.

Göründüyü kimi, adıçəkilən qurumlar son zamanlar Azərbaycana qarşı sanki
“səlib yürüşü”nə başlayıblar. ABŞ, Fransa kimi dövlətlərdən maliyyələşən bu
qurumlar Azərbaycanda insan haqlarının olmadığını, mətbuat azadlığının
məhdudlaşdırıldığını iddia edirlər. Halbuki, həmin dövlətlər özləri
demokratiyadan çox uzaqdırlar. Bunu adıçəkilən ölkələrdə baş verən polis
zorakılıqları aydın göstərir.

Yeri gəlmişkən, yada salaq ki, bu yaxınlarda Fransada keçirilən Yay Olimpiya
Oyunları biabırçılıqlarla yadda qaldı. Olimpiada sözün əsl mənasında fiaskoya
çevrildi. Bunu bütün dünya gördü.

Azərbaycan isə indiyədək bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Fransa kimi dövlətlər isə bunu qəbul etmək istəmirlər. Onlar həm birbaşa, həm
də Ermənistan vasitəsilə Azərbaycana təzyiqləri gücləndirirlər.

Məhz COP29 ərəfəsində Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş cəhdlər,
habelə Ermənistanın silahlandırılması, hərbi təxribatlara çəkilməsi də bu
kontekstdən qiymətləndirilməlidir.

Əlbəttə, qurulan oyunlar məqsədinə çatmayacaq. Artıq Azərbaycanda belə hallara
qarşı immunitet formalaşıb. Bu isə onu deməyə əsas verir ki, rəsmi Bakı bütün
təzyiq və maneələrə baxmayaraq, COP29-a da uğurla ev sahibliyi etməklə növbəti
dəfə dünyanın mərkəzinə çevriləcək.

“Report” İnformasiya Agentliyi

Source link