Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin
eksperti vəzifəsində işləyən Aslan Bayramov barəsindəki cinayət işi Ali
Məhkəmədə araşdırılacaq.
“Qaynarinfo” xəbər verir ki, Aslan Bayramov barəsindəki hökmdən Ali Məhkəməyə
kassasiya şikayəti verib.
Ələsgər Novruzov iş üzrə hakim təyin edilib. Şikayət baxılma vaxtı hələ ki,
müəyyənləşməyib.
Aslan Bayramov ötən il cinayət məsuliyyətinə cəlb edilib. Onun qanunsuz
əməlləri barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə DGK-dan məlumat daxil
olub. Həmin məlumatın əsasında Korrupsiaya Qarşı Mübarizə İdarəsi
əməliyyat-axtarış tədbirləri keçirib və qurumda cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, aparılmış istintaq-əməliyyat
tədbirlərlə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı
şəxslərdən rüşvət qismində aldığı 13 500 manat məbləğində pul vəsaiti
müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin
“İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli
qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü
ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal
tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri
saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2
(ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2
(təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb.
Məhkəmənin hökmü ilə Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.