Qızıl medalı qazanmaq üçün çox çalışdım. İtaliyada keçirilmiş Avropa çempionatının finalında rusiyalı idmançıya uduzmuşdum. Ona görə də məşqçim Vahid Məmmədovla bu yarışa çox ciddi hazırlaşmışdıq.
Bunu ÇıxışYolu.Com-a Azərbaycana Avropa Gənclər Olimpiya Festivalında səkkizinci qızıl medalı qazandıran sərbəst güləşçi Cəbrayıl Hacıyev deyib.
65 kq-da çıxış edən dağıstanlı legionerimiz Azərbaycanın bayrağını qaldırmaqdan qürur hissi keçirdiyini bildirib: “İstəyirdim ki, bu qızıl medalı anama, atama və məni dəstəkləyən, kömək edən bütün insanlara həsr edim. Bu, sonuncu qızıl medalım deyil. İnşallah, Azərbaycan bayrağını yenə ucalarda dalğalandıracağam. Bolqarıstanda keçiriləcək dünya çempionatında da Azərbaycanın bayrağını qaldırmaq istəyirəm. Mənə Azərbaycan adından çıxış etmək çox xoşdur. Hamı mənə kömək olur, dostcasına yanaşır. İlk dəfə fevralda Azərbaycan çempionatında çıxış edib ölkə çempionu olmuşdum. Allah məşqçilərimizə can sağlığı versin ki, onların sayəsində çempion oldum”.
Səbuhi Musayev