cfc23faa-7314-4b39-992b-6fb62582f2ca..jpg

Azərbaycanda ət kəskin bahalaşacaq – Səbəb nədir?

Baxış sayı: 740 dəfə baxılıb.

Azərbaycanda ət kəskin bahalaşacaq – Səbəb nədir?

Bu ilin 3 ayında ölkəmizə ət idxalı 24 faiz artıb. Bu son illərdə qeydə alınan
ən böyük artım tempidir.

Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəzərə alaq ki,
Azərbaycan aqrar ölkədir. Aqrar ölkənin zəruri ərzaq ehtiyacının 24 faizi idxal
hesabına ödənilirsə, bu artıq nələrinsə yolunda getmədiyinin göstəricisidir. Və
bu barədə ciddi düşünməyə və tədbirlər görməyə əsas yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin
sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə heyvandarlıq sahəsində çox ciddi
problemlər var:

“Son 7-8 ildə pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə örüş yerləri əkin
dövriyyəsinə qatıldı. Beləcə, heyvandarlığın arealı daralır. Areal daraldıqca
istehsal aşağı düşür. İstehsal aşağı düşdükcə qiymətlər artır. Üstəgəl, idxal
çoxalır.

Dediyimiz səbəblər üzündən Azərbaycanda heyvandarlıq sektoru ilbəil geri
gedir. Yerli istehsal azaldıqca təbii ki, ehtiyaclar idxal hesabına ödənilir.
Bu isə yaxşı hal deyil”.

Akif Nəsirli idxal edilən ətin keyfiyyətcə yerli məhsulları əvəz edə
bilmədiyini də vurğulayıb:

“Biz çox nadir hallarda mağazalarda xarici ət satıldığını görürük. İdxal
edilən ət, əsasən, qapalı təşkilatların və digər dövlət müəssisələrinin
ehtiyacları üçün istifadə edilir. İdxal nə qədər çox olsa da, bu yerli
ehtiyacları tam ödəyə bilmir. Əhali daha çox yerli heyvandarlıq məhsulları
istehlak edirlər. Ona görə də qiymətlər günbəgün artır.

Quzu ətinin kiloqramı artıq 18 manatdır. Yaxın vaxtlarda bazara yerli kənd
təsərrüfatı məhsulları çıxacaq. Bu ətə olan tələbatı bir qədər azaldacaq. Ona
görə də payıza qədər ətin qiyməti sabit qalacaq. Amma payızda ətin qiyməti
kəskin qalxacaq.

Bu bahalaşmanın qarşısını almaq üçün heyvandarlığın inkişafına şərait
yaratmalıyıq. Pambıqçılığa və digər əkinlərə görə heyvandarlığı riskə atmaq
olmaz. Çünki, pambıqdan fərqli olaraq heyvandarlıq ölkənin ərzaq
təhlükəsizliyində mühüm yer tutur”.

Source link