Azərbaycanda 27 min nəfərin iştirakı ilə keçirilən festivala yekun vurulub –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə
təşkilatçılığı, “bp Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq
İncəsənət Festivalına yekun vurulub.
“Report” xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın
yekunlarına dair brifinq keçirilib.
Əvvəlcə festivalla bağlı videorolik nümayiş etdirilib.
Daha sonra Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri
Aynur Kərimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli
Nuriyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili
şöbəsinin müdiri Elnur Əliyev və Mədəniyyət Nazirliyinin Strateji inkişaf və
layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün
Əliyev festival haqqında məlumat veriblər.
Qeyd olunub ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş,
10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və
şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə
təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi iyul-avqust
aylarını əhatə edib. Festivalın final mərhələsi isə sentyabrın 1-9-da Bakıda
altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli
Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında
gerçəkləşib.
Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində
tədbir təşkil olunub.
İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə
etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux
rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət,
xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə
qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib.
Avqustun 26-27-də Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının
sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov Uşaq İncəsənət
Festivalının mükafatlandırma mərasimində çıxışı zamanı qeyd edib ki, bu
festival uşaqlarda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq məqsədi daşıyıb:
“Qoyulmuş məqsədə nail ola bildik. Çünki layihəmiz ölkədə, sözün əsl mənasında,
mədəniyyət festivalına çevrildi. Festival uşaqlarla yanaşı, regionlar üzrə
mədəni müəssisələrin də fəallıq göstərməsinə, təcrübə toplamasına təkan verdi”.
Festival çərçivəsində 22 nominasiya üzrə 408 qalib təltif olunub.
13:26
“Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib”.
“Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya
şöbəsinin müdiri Aynur Kərimova ümummilli lider Heydər Əliyevin 100 illiyinə
həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, festival 21 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün
sahələrini əhatə edib:
“Birinci mərhələdə işğaldan azad olunan Zəngilanın Ağalı kəndində belə bir
festival keçirilib. İkinci mərhələdə festival regionlarda keçirilib. Müxtəlif
bölgələrdə gənclərin fəaliyyəti üçün şərait yaradılıb. Laçın Şəhəri Günündə yay
düşərgəsi təşkil olunub, orada uşaqlara master-klaslar, fərdi sərgilər
keçirilib”.
Şöbə müdiri bildirib ki, festivala 27 min iştirakçı cəlb olunub:
“Biz bununla lazımı dataları, potensial gənclərin məlumatlarını topladıq.
Tezliklə bu data ictimaiyyətə açıqlanacaq”.