Azərbaycanda “ağ ölüm”: Xaricdə qurulan sxem, RƏQƏMLƏR + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda təkcə ağır cinayətlər məhkəmələrinin icraatında olan işlərə və
çıxardığı ittihamedici hökmlərə nəzər yetirəndə ölkə üzrə narkotik ticarəti ilə
bağlı vəziyyət görünür.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə ölkədə
qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
2022-ci il üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8 587 şəxs müəyyən edilib ki, onların
da 34,4 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər olub.
Bu kateqoriya üzrə cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən
və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib.
Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7 faizi 18-24 yaşlı,
16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ölkədə 2023-cü ilin
yanvar-oktyabr ayları ərzində analoji cinayətlər üzrə məlumat yayımlayıb.
Bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində hüquq-mühafizə orqanları
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ümumilikdə 9
292 cinayət faktı aşkarlayıb.
Azərbaycanın ağır cinayətlər məhkəmələrinin işlərində Cinayət Məcəlləsinin
234-cü maddəsinin (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və
ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama,
daşıma, göndərmə və ya satma) bir neçə bəndi ilə keçirilən və ya keçiriləcək
proseslər çoxluq təşkil edir.
Qeyd edək ki, narkotik maddələrin dövriyyəsinin mənbəyi xarici ölkələrdə
qərarlaşıb.
Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
dair mübarizə sahəsində milli risk Qiymətləndirilməsi belə deməyə əsas verir.
2015-21-ci illəri əhatə edən hesabatda xarici mənşəli təhdid faktorları
sırasında narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məqamlar yer alıb.
Təhdidlər sırasında bəzi region ölkələrindən qaynaqlanan narkotik vasitələrin
dövriyyəsi göstərilir. Qeyd olunur ki, bu məqsədlə Azərbaycan ərazisindən
tranzit kimi istifadə halları müşahidə olunur.
“Aparılan araşdırmalar və beynəlxalq hesabatlara əsasən qeyd etmək olar ki,
tranzit keçid kimi Azərbaycandan istifadə edilməklə dövriyyədə olan narkotik
vasitələrin ölkəyə ilkin giriş ölkəsi İran, əsas mənşə ölkəsi isə
Əfqanıstandır”, – deyə risk qiymətləndirilməsində göstərilir.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə
İdarəsinin (UNODC) məlumatına əsasən, Azərbaycandan heroin, adətən, ya
Rusiyadakı bazarlara, ya da Gürcüstana, daha sonra isə Qara dənizdən
keçirilərək Qərbi və Mərkəzi Avropa bazarlarına aparılır.
Bu vəziyyət Azərbaycan üçün çox ciddi təhdid faktorlarının mövcudluğunun
göstəricisi kimi çıxış edir.
Bu sahədə digər əhəmiyyətli təhdid faktoru yeni texnologiyalardan və məsafədən
bank məhsullarından istifadə edən narkotik ticarəti üzrə region dövlətlərinin
ərazisində yerləşən və idarə edilən cinayətkar birliklərdir.
Belə ki, qonşu dövlətlərin ərazisindən idarə edilən cinayətkar birliklər vahid
idarəetmə mərkəzi yaradaraq bir-birini tanımayan yüzlərlə insanı cinayətin
törədilməsinə cəlb edirlər. Sonradan əldə edilmiş külli miqdarda vəsaitləri
müxtəlif üsullarla, bank sistemindən istifadə etməklə və ya kriptovalyuta ilə
ölkədən çıxarırlar.
Müştəri uyğunluğu tədbirləri üzrə riskəsaslı yanaşma tam tətbiq edilmədiyi
üçün bank məhsulları narkotik vasitələrin satışının həyata keçirilməsi
məqsədilə asanlıqla sui-istifadə edilə bilir.
Qeyd edək ki, 2022-ci ilin statistikasına əsasən, Azərbaycanda 35 min 97 nəfər
narkotik vasitə istifadəçisidir. Amma iddialar var ki, reallıqda rəqəm daha
böyükdür.
Aqşin Kərimov