Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun
başına iş gəlib. Aktyor dələduzluqla üzləşib.
Bu barədə lent.az-a danışan Tahir İsmayılov bildirib ki, torpaq satın alsa da,
nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir.
“İki qızım və bir oğlum var. Övladlarım ailə quranda evimi satıb torpaq sahəsi
aldım ki, uşaqların hərəsinə bir ev tikib hədiyyə edim. Binəqədi rayon
bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi
aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda
bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə
keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri
bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler
hazırlayıb. Və ən önəmlisi də budur ki, bu iki nəfər torpaqla bağlı problemi
bilirmiş, iş hətta məhkəməyə gedib çatıbmış. Bələdiyyə bu məhkəmədə qalib
gəlib, torpağı alan qadın uduzub. Bələdiyyə bunu məndən gizlədərək mübahisəli
torpağı yenidən satıb. 9 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm,
nə torpağa sahib ola bilirəm. Torpağı almaq üçün 18500 manat pul vermişəm,
bunun 16000 manatı torpaq, 2500 manatı sənədləşəmə üçün tələb olunmuşdu. Bu
müddət ərzində sənədləşmə üçün nəzərdə tutulan hissədən 1700 manat ala
bilmişəm, qalanını yox. Verilmiş sənədlər Binəqədi bələdiyyəsinin 4-5 il öncə
sədri olmuş adamın adı ilə çıxarılıb verilib”, – deyə aktyor bildirib.
Tahir İsmayılova məsələnin həlli söz verilsə də, hələlik problem olduğu kimi
qalır.