Azərbaycanda ana yeniyetmə qızını 500 manata sataraq təcavüzə göz yumub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində
keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının
bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.
Hadisə 2020-ci ilin noyabrında baş verib.
Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova
(ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il
təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif
edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası
isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı
özüylə götürüb.
Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı
çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və
çirkin əməlinə zorla nail olub.
Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz
Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı
təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşaiyəti
ilə zorlanıb.
Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə
təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından
sonra açılıb.
Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov
isə 13 il azadlıqdan məhrum edilib.