Təxminən on gün əvvəl Azərbaycanda yeni bir federasiyanın təqdimat mərasimi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, söhbət Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasından gedir.
Sözügedən federasiyanın prezidenti Asif Sayadov Bakı Biznes Universitetində keçirilən rəsmi təqdimat mərasimində qurumun fəaliyyətə başladığını bildirib.
Təbii ki, “vin çun” deyiləndə ağla ilk olaraq Bryus Linin müəllimi İp Man (və ya Yip Man) yada düşür. Lakin bu masterlər nə qədər məşhur olsa da, onların məşğul olduğu idman növü üzrə dünyada heç bir ölkə ayrıca yarış keçirmir. Hətta bu idman növü üzrə nəinki beynəlxalq, heç yerli federasiya belə mövcud deyil.
Vin çunla bizdə daha çox Azərbaycan Uşu Federasiyasının idmançıları məşğul olur. Buna görə Uşu Federasiyasının prezidenti Azər Həsənsoyla əlaqə saxladıq. O da vin çun yarışlarının uşu-sandanın bir növü olduğunu bildirdi:
“Vin Çun uşunun yarış proqramına daxil edilən 35 növündən biridir. Gələn il uşu-kunq fu üzrə dünya çempionatı keçiriləcək və həmin yarışın proqramında vin çun da var. Orada bizim federasiyanın idmançıları iştirak edəcək.
Ümumiyyətlə, bütün uşu üzrə keçirilən mötəbər yarışların proqramına vin çun, şaolin və digər növlər daxildir. Bunlar hamısı uşunun növləri olduğu üçün bizim federasiyanın idmançıları bu yarışlarda iştirak edəcək. Onlar hansı yarışda iştirak edəcək, bax, bu, mənə maraqlıdır.
Ümumiyyətlə, dünyada Vin Çun Federasiyası deyilən bir şey yoxdur. Bu, analoqu olmayan bir şeydir. Ötən il Tbilisidə Avropa çempionatı keçiriləndə İslam Həmrəylik Oyunlarına görə tam heyətlə oraya gedə bilmirdik.
Onda bu yoldaşlara da xəbər göndərmişdim ki, həqiqi vin çunu bilirsinizsə, buyurun, bizim komandanın tərkibinə qatılıb iştirak edin. Amma onlar bizə qoşulmadılar. Heç bir səbəb də gətirmədilər”.
Ümumiyyətlə, Azərbaycanda bəzi federasiyalar nazirlikdən pul qoparmaq məqsədilə yaradılır (bu haqda əlavə yazımız olacaq – S.M.). Azər Həsənsoy da bu fikirlərimizi təsdiqləyir:
“Təəssüf ki, bizdə dələduz federasiyalar var. Yarış olmadığı halda 10-15 nəfərlə hansısa xarici ölkəyə gedib, dünya çempionu olub gəlirlər. Hansı ki həmin yarışdan nə şəkil, nə video, nə də protokol var. Amma bizim yarışlar rəsmi şəkildə keçirilir və döyüşlərə canlı baxmaq olur. Buna yaxınlarda gənclər arasında Braziliyada keçirilmiş uşu üzrə dünya çempionatı sübutdur.
Gənclər və İdman Nazirliyi hər federasiyaya 15 min manat ayırır. Deyir, bəy verən atın dişinə baxmazlar. Hökumətimiz bu baxımdan çox sağ olsun. Nazir Azad müəllim bizə hərtərəfli dəstək verir. Bu dəstək olmasa, biz fəaliyyət göstərə bilmərik. Amma burada söhbət maliyyədən getmir.
Mən dünyada hansı idman növü varsa, hətta qurbağa yarışı üzrə idman növü varsa belə, onun federasiyasının yaranmasına qarşı deyiləm. Ölkəmiz bütün idman yarışlarında təmsil olunsa, daha yaxşı olar.
Amma Uşu Federasiyası olduğu halda, əlavə bir federasiyanın yaradılmasını başa düşmürəm. Bu federasiya yaradılanda heç mənim fikrim də öyrənilməyib”.
Qeyd edək ki, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası yaydığı press-relizində iyunun 4-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini göstərib. Lakin maraqlıdır ki, bu federasiyanın adına Gənclər və İdman Nazirliyinin saytının müvafiq bölməsində (http://www.mys.gov.az/idman/idman-federasiyalari) rast gəlinmir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com