477dd25e-5376-45ad-8dc3-fa6d1dd6d107.jpg

Azərbaycanda bələdiyyə sədrinin atası barədə daha bir cinayət işi başlandı – DETALLAR

Baxış sayı: 152 dəfə baxılıb.

Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Böyükağa Yarıyevin atası Xaləddin
Yarıyev istintaqa cəlb olunub.

Musavat.com-a daxil olan məlumata görə, Türkan qəsəbə sakini Xaləddin
Yarıyevdən həmyerlisi Famil Yarıyev prokurorluq orqanlarına şikayət yazıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, Xaləddin Yarıyevin sahiblərindən olduğu
Türkan qəsəbəsində yerləşən daş karxanasında yerin təkindən qanunsuz olaraq
istifadə olunub, karxana ərazisindən kənarlaşma baş verib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində
cinayət işi başlanıb.

Famil Yarıyev şikayətində yazıb ki, Xaləddin Yarıyev Abşeron İcra Hakimiyyəti
tərəfindən icarəsinə verilmiş 15 hektar torpaq sahəsində dağ mədən aktı
almadan, həmçinin özünə aid olmayan, ətrafda yerləşən, dövlətə məxsus sahələrdə
qanunsuz daş karxanası işlədir, dövlətə külli miqdarda ziyan vurur.

Yada salaq ki, Xaləddin Yarıyev əvvəllər də oxşar qanunsuz fəaliyyətinə görə
istintaqa cəlb olunaraq həbs edilib. Belə ki, 2018-ci ildə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22
hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və
Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni
istismar işləri aparmaları müəyyən olunub. Toplanmış materiallar əsasında Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət
Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi
zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin
təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış
istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda
yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt,
Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və
Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və
əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin
qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları
qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845
min manat məbləğində ziyan vurublar.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun
“Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra
hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan
fəaliyyət göstərmələri müəyyən olunub. Aparılmış istintaqla qeyd edilən
sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına
riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları
pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən
sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul
olmalarına, bununla da “Günəş” kooperativinin rəhbəri Xaləddin Böyükağa oğlu
Yarıyevin 337 min manat, fiziki şəxslər Afərin Ağabala oğlu Babaxanovun 132 min
manat, Oruc Mirəskər oğlu Almazovun 103 min manat, Laçın İsmayıl oğlu Qazaxovun
100 min manat, Cəlal Bayandır oğlu Əliyevin 74 min manat, Elşən Hüseyn oğlu
Kazımovun 64 min manat və Tapdıq Xanlar oğlu Qasımovun 44 min manat miqdarında
ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə
“Günəş” kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin
Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və
308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və
308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı Xaləddin Yarıyev
tərəfindən 337 min 321 manat ziyandan 109 min 400 manatı ödənilib.

2020-ci ilin fevralında Abşeron Rayon Məhkəməsi Xaləddin Yarıyevin 4 il 6 ay
11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə
hökm çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti
verərək Xaləddin Yarıyev barədə şərti məhkumetmənin ləğv edilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib və Xaləddin Yarıyev
barədə şərti cəza qüvvədə saxlanılıb.

Source link