Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə
hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək.
“Report” xəbər verir ki, bu, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif
olunan dəyişiklikdə öz əksini tapıb.
Xatırladaq ki, qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız
qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunacaq.
Bundan başqa, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Büdcə
sistemi haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bələdiyyə
büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti
həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin
xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq
ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.
Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının
elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız
qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli
büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına
xidmət edəcək.