8678be0c-6e9a-4cb7-9273-d2cca371dd4c..jpg

Azərbaycanda bəzi maşınların qiyməti kəskin ucuzlaşacaq

Baxış sayı: 766 dəfə baxılıb.

Azərbaycanda bəzi maşınların qiyməti kəskin ucuzlaşacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 7-də Prezident İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat
vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb.
Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik
məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə
başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi
istiqamətində səmərəliliyin artmasına istiqamətlənib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov
bildirib ki, yaxın vaxtlarda ölkədə elektromobillərin qiymətində əsaslı
ucuzlaşma olacaq:

“Bildiyiniz kimi, daha öncə də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin
istismarını stimullaşdıran bir sıra addımlar atılıb. Ötən illər ərzində
Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət
Komissiyasının alt qruplarında hazırlanan yol xəritəsi əsasında bizim ölkəyə
idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumlardan tamamilə
azad edilib. Bu da öz növbəsində sahibkar üçün bir fürsətdir ki, bu növ
nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər. Artıq vətəndaşlar üçün də bu
nəqliyyat vasitələrinin qiyməti əlçatandır. Burada əsas məqsəd elektromobil
avtomobillərin ölkəyə idxalını stimullaşdırmaq və ölkə daxilində də bu növ
avtomobillərin vətəndaşlar tərəfindən istismarını asanlaşdırmaqdır. Növbəti
addım olaraq ölkəyə idxal olunan enerjidoldurma məntəqələrinin qurulmasında
istifadə olunan avadanlıq və cihazlar da bütün rüsumlardan azad edildi. Bu isə
özlüyündə elektromobil maşınların qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına
gətirib çıxaracaq. Dövlət burada inhisarçı deyil, biznesi mühitini dəstəkləyən
mövqedən çıxış edir”.

Ekspert yaxın gələcəkdə paytaxt yollarında elektrik mühərrikli avtomobillərin
olacağını qeyd edib:

“Biz artıq deyə bilərik ki, 2024-cü il Azərbaycanın nəqliyyat sektorunda
elektrikləşmə ilidir. Bu ildən artıq o proses daha geniş vüsət alacaq. Bu gün
əgər ölkəyə idxal edilən elektromobillərin sayı ümumilikdə beş faiz təşkil
edirsə, gələn illər ərzində bu rəqəmlər artacaq. Hətta ola bilsin ki, növbəti
ilə 15 faiz təşkil etsin. Burada əsas məqsədlərdən biri həm də ekosistemin
yaxşılaşdırılmasıdır. Ənənəvi nəqliyyat vasitələri karbon qazını atmosferə daha
çox buraxır. Amma elektrik mühərrikli avtomobillərdə karbon qazının atmosferə
buraxılması mövcud deyil. Ona görə də üstünlük artıq bu istiqamətədir. Bu
yaxınlarda artıq Bakı şəhərinin də ictimai nəqliyyatında elektrik mühərrikli
avtobusların fəaliyyətini görəcəyik. İndi hal-hazırda pilot layihə kimi iki
avtobus istismara verilib və bu özünü doğruldub. Gələcəkdə bu sayın 150-yə
qədər artırılması gözlənilir”.

Source link