25f22ac1-0c5c-4143-8d7b-20f42ab491b0.webp

Azərbaycanda bəzi uşaq evlərində ZORAKILIQ: Onlarla əməkdaş CƏZALANDIRILDI

Baxış sayı: 153 dəfə baxılıb.

Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsinə verilən Uşaq evi
sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili
istiqamətində işlər həyata keçirilir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə sözügedən müəssisələrdə keyfiyyətli sosial xidmət
prinsiplərinin tətbiqi, eləcə də, neqativ halların qarşısının alınması,
müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində
islahat tədbirləri görülür.

Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin
yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün
xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq, 2, 3, 4 və 6 saylı Uşaq Evi
sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial
xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma
müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş
verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsinə,
sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena
qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s.
hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas
götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam
tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33
nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq
olunub. Bununla yanaşı 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə
onların əmək müqavilələrinə xitam verilib.

Agentlik tərəfindən Uşaq evi sosial xidmət müəssisələrində müasir
standartların tətbiqi və uşaqların qayğı mühiti ilə əhatə olunmaları üçün
lazımi tədbirlər davam etdirilir və proses davamlı həyata keçiriləcək.

Source link