db008f78-957e-4f72-beb2-f54d53dc95d6..jpg

Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?

Baxış sayı: 583 dəfə baxılıb.

Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bankımızda yaxşı müştəri olmusunuz. Yenidən kredit götürmək istəyərdinizmi?”

Azərbaycanda banklardan kredit götürmüş və müsbət kredit tarixçəsinə malik
olan vətəndaşlar bu sözləri ayda azı bir dəfə eşidirlər.

Bank işçiləri nəinki keçmişdə kredit borcu olmuş, hətta aktiv krediti olan
müştərilərinə belə tez-tez zəng edərək onları növbəti dəfə borclandırmağa
çalışırlar. Bəs bu nə dərəcədə düzgündür? Bank işçilərinin vətəndaşlara tez-tez
zəng etməyə ixtiyarı varmı? “Report” mövzunu ekspertlərlə müzakirə edib.

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin hüquqi məsələlər
üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev deyib ki, bankların müştərilərinə
aktiv şəkildə pul təklif etməsində qəbahətli heç nə yoxdur və bu məsələ ilə
bağlı vətəndaşların ciddi narazılığı müşahidə olunmur:

“Bu günə qədər ABA-ya məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Belə
bir statistika yoxdur. Ola bilsin hər hansı bank müştərini narahat edir. Belə
bir problem ola bilər. Ancaq müştərilərə təkcə banklardan zəng gəlmir, başqa
biznes strukturları da zəng edirlər. Müştəri istəsə, bankla əlaqə qurub iradını
bildirə bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, müştərilərə vaxtaşırı zəng
edilməsi banklar arasında sayı az olan yaxşı müştərilər uğrunda rəqabətlə
əlaqədardır və buna təbii yanaşmaq lazımdır:

“Banklarda izafi likvidlik var, onlar vəsaitlərini yerləşdirməkdə çətinlik
çəkir, buna görə də marketinq siyasətlərini bacardıqca təkmilləşdirir. Burada
ciddi problem olduğunu düşünmürəm. Vətəndaş zəng gələn bankın xidmətindən
imtina edə bilər. Amma bu zənglərin məlumatlandırma baxımından faydalı olduğunu
düşünürəm. Çünki bir çox vətəndaşlar bankların kredit şərtləri barədə
məlumatları bu kimi zənglər vasitəsilə alırlar. Bu kimi zənglər hansısa formada
bank və müştəri arasında birbaşa ünsiyyətin ortaya çıxmasına, ünsiyyət
platformasının formalaşmasına müsbət təsir göstərir”.

Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, bankların vətəndaşları bezdirməsi bir
növ hüquq pozuntusudur və bu məsələ ilə bağlı nəinki banka irad bildirmək,
hətta məhkəməyə şikayət etmək də olar:

“Məsələn, vətəndaş bank əməkdaşlarının onu uzun müddət telefonla narahat
etdiyini, mənəvi zərər gördüyünü əsas gətirərək bankı məhkəməyə verə bilər.
Amma bunu məhkəmədə sübut etmək xeyli vaxt aparacaq”.

Source link