Azərbaycanda benzin istehsalı 19% artıb
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 3 347,6 milyon manat olmaqla, əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının
istehsalında sürtkü yağlarının istehsalı 57,7 faiz, neft koksunun istehsalı
27,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 20 faiz, avtomobil
benzininin istehsalı 19,1 faiz artıb, neft bitumu istehsalı 30,7 faiz, mazut
istehsalı isə 92,4 faiz azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev
adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft
məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və
modernləşdirmə işləri aparılır.