Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. Bunun 33
milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub.
2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq
malları üzrə 5,2 faiz artıb.
Modern.az-ın məlumatına görə, ötən il Azərbaycanda adambaşına düşən orta aylıq
xərc artıb.
Belə ki, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta
hesabla ayda 484,2 manat pul xərcləyib. Bu, 2022-ci illə müqayisədə 52,4 manat
və ya 12,1 faiz çoxdur.
Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər
və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlərin sözlərinə görə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi
inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Ona görə də
adambaşına düşən xərclər artıb. Yəni insanlar eyni məhsulu almaq üçün daha çox
vəsait xərcləməli olub.
Qeyd edək ki, ötən il Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya)
2022-ci ilə nisbətən 108,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə 109,6%, qeyri-ərzaq məhsulları üzrə 108,4%, əhaliyə
göstərilmiş ödənişli xidmətlər üzrə 108,2% təşkil edib.
2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa,
keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Lakin ölkəmizdə ərzaq inflyasiyası
azalır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanda inflyasiya xarici və
daxili amillərin təsirləri ilə azalıb. Məlumatda deyilir ki, xarici mənşəli
inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər
ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib.