9d5c7dba-0060-4993-aac2-7dcc15723444..jpg

Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu – FOTO

Baxış sayı: 711 dəfə baxılıb.

Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ Rayon Məhkəməsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim
anestezioloq-reanimatoloqu Vahid Babayevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, V.Babayev İsmayıllı sakini, 1990-cı il təvəllüdlü
Murad Süleymanlının əməliyyat vaxtı ölməsinə görə təqsirli bilinib.

Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi
ilə təqsirləndirilən həkim məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün
rəsmi iş günü olmayıb. O, əməliyyatda anestezioloq kimi Telman və Azər adlı
həkimlərin iştirak etdiyini, daha sonra ondan kömək istənildiyini deyib. Həkim
yoldaşlarına kömək etmək məqsədilə əməliyyat otağına daxil olan 69 yaşlı Vahid
Babayev kritik durumda olan xəstəyə kömək üçün ona əlavə narkoz verdiyini,
həyatda qalması üçün əlindən gələni etdiyini bildirib.

Murad Süleymanlının qardaşı Orxan Süleymanlı isə qardaşının ölümünə Telman və
Azər adlı anestezioloqlarla yanaşı, onu əməliyyata götürən Elşad adlı cərrahın
da səbəb olduğunu deyib. O, Vahid Babayevin yaşı ilə əlaqədar önə verildiyini,
əsl günahkarın digər həkimlər olduğunu iddia edib:

“Qardaşım vəfatından bir gün əvvəl Elşad həkimin qəbulunda olub, qasıq yırtığı
və ödündə olan daşla əlaqədar əməliyyat olunmaq istədiyini bildirib. Bununla
bağlı analizlər verib. 13 yanvar 2023-cü il tarixində saat 16:00-a qədər Qəbələ
rayonunda olduq. Sonra Elşad qardaşımı çağıraraq bir gün sonra, yanvarın 14-ü
əməliyyat olunacağını bildirib. Səhəri gün qardaşım anam və atamla birgə
xəstəxanaya gedib. Həkim dərhal qardaşımı əməliyyat otağına göndərib. Elşad
həkim əməliyyat zamanı orada olmayıb. Yalandan yazıblar ki, guya əməliyyat
vaxtı orada olub. Guya qardaşımın ölümünə səbəb kimi onun kök olması və
boynunun daralması göstərilib, lakin elə bir hal olmayıb.

Fotoda: Murad Süleymanlı

Bir müddət sonra Elşad həkim valideynlərimi çağıraraq qardaşımın ölümü barədə
xəbər verib. Yalnız Vahid həkimin təqsirkar kimi göstərilməsindən narazıyıq.
Necə olur ki, Telman həkim narkoz vuran kimi səhhəti pisləşib və əməliyyatı
tərk edib? Dəhlizdə olan kameraların çəkdikləri də üzə çıxmayıb. Biz Elşad
həkimdən şikayətçiyik. Atam əməliyyatdan əvvəl Elşad həkimdən əməliyyatın necə
keçəcəyini soruşub, o da çox asan olacağını bildirsə də, 1 saatdan sonra ölüm
xəbərini verib. Vahid doktorun yaşı çoxdur deyə onu təqsirli biliblər.
Əməliyyatda iştirak edən həkimlərin işdən çıxarılmasını, qardaşımın ölümünə
səbəb olanların hamısının cəzalandırılmasını tələb edirik”.

Şahid kimi ifadə verən cərrah Elşad Salihovun Murad Süleymanlının ölümündən
sonra Qəbələdə xəstəxanadakı işini tərk etməsi və Bakıda cərrah kimi çalışması
məlum olub. O, ifadəsində bildirib ki, həmin əməliyyat otağına daha daxil ola
bilmədiyi üçün Qəbələdəki iş yerini tərk edib. Bundan başqa, əməliyyat zamanı
Elşad Salihovun Rusiyada həkim kimi çalışan oğlunun da əməliyyat otağında
olması məlum olub.

Qəbələ Rayon Məhkəməsi Murad Süleymanlının ölümünə görə həkim anestezioloq
Vahid Babayevi təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.
Həkimin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

Xatırladaq ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes
fəaliyyəti ilə məşğul olurmuş.

Fotoda: Elşad Salihov

Source link