58d9eb62-01fc-4264-b59c-fb9aa75b84f2..jpg

Azərbaycanda çörək ucuzlaşa bilər? – ARAŞDIRMA

Baxış sayı: 751 dəfə baxılıb.

Azərbaycanda çörək ucuzlaşa bilər? – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb.

Bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək
olar.

2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon
ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260
ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə
təxminən 23% azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində
dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ
dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə
Azərbaycan daha ucuz buğda alıb.

Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il
Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4
% azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb.

İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən
bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar
iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq
buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və
Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır.

Bununla belə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti çörəyin strateji məhsul olduğunu nəzərə alaraq dövlət-özəl tərəfdaşlığı
çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir.
Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının
təklif etdiyi məhsulun topdansatış qiymətləri Dövlət Xidmətinin internet
səhifəsində yerləşdirilib və mütəmadi yenilənir. Əsassız qiymət dəyişikliyinin
qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə
riayət olunmasına nəzarət üçün Dövlət Xidməti istehlak bazarında mütəmadi
monitorinqlər aparır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər
görür.

Bəs ucuzlaşma tendensiyası davam edə, çörək bu il daha aşağı qiymətə satıla
bilərmi? “Report” bu suala cavab tapmağa çalışıb.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə
üzrə ekspert Rəcəb Orucov deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar
şimal qonşumuza qarşı bir sıra sanksiyalar tətbiq edilib, bu ölkədə istehsal
olunan buğdanın xarici bazarlara çıxışına məhdudiyyət qoyulub: “Odur ki, Rusiya
buğdası ucuzlaşıb. Böyük ehtimalla qiymət yaxın vaxtlarda artmayacaq, hətta bir
qədər də azala bilər. Əksinə ucuzlaşma tendensiyası davam etsə, bu amil
Azərbaycanda çörəyin istehsalında nəzərə alınmalıdır”.

Bundan başqa, onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra
tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərmana əsasən ölkədə ərzaqlıq
buğda istehsalı getdikcə artır. Bu da ölkədə çörəyin ucuzlaşmasını
stimullaşdıra bilər.

İqtisadçı-ekspert Xaliq Məmmədov da Rusiyadan idxal olunan buğdanın bir qədər
də ucuzlaşacağını istisna etmir: “Amma bu, tezliklə olmayacaq. Hələ ki, yerli
un istehsalçılarının anbarlarında buğda var, emal edilən taxıl məhsulları
bazarda sabit qiymətə satılır. Rusiyada ucuzlaşma davamlı olarsa və
Azərbaycanda anbarlar yeni qiymətlə doldurularsa, bu halda çörək bir qədər də
ucuzlaşa bilər”.

Source link