Azərbaycanda çörəyin qiyməti ucuzlaşa bilər? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min dollar
dəyərində 1 milyon 94 min ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin
məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm
baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6
milyon dollar azdır.
Buğdanın qiymətinin kəskin azalması növbəti ildən çörəyin qiymətinə hər hansı
formada təsir edə bilərmi?
Məsələ ilə bağlı Cixisyolu.com-ın sualını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli
bildirib ki, artıq iki ilə yaxındır buğda qiymətləri dünya bazarında və daxili
bazarda ucuzlaşıb:
“Son iki il ərzində həm idxal buğdasının, həm də yerli buğdanın qiyməti 50
faizdə qalıb. Ölkədə xüsusilə tələbat çox olan zavod çörəyinin qiyməti 65 qəpik
idi. Buğdanın qiymətində kəskin ucuzlaşma olsa, son iki ildə çörəyin qiymətində
15 qəpik ucuzlaşma olub. Yəni, buğda 50 faiz ucuzlaşıb, çörək qiymətləri isə 30
faiz ucuzlaşıb. Bunun isə səbəbi odur ki, ölkə daxilində un və çörək istehsalı
inhisardadır. İnhisar bazarının qiyməti ucuzlaşdırıb və keyfiyyəti qaldırması
halları olmur. Rəqabət yoxdur”.
Ekspert onu da əlavə edib ki, buğdanın qiyməti aprel ayına qədər ucuzlaşmağa
davam edəcək:
“Çünki dünyada tələbatdan çox buğda istehsal olunub. Rusiya-Ukrayna müharibəsi
fonunda Ukraynanın böyük ərzaq buğdası bazası kimi sıradan çıxarılması
səbəbindən dünyanın digər buğda istehsalçısı olan ölkələr istehsal
normativlərini artırmışdılar. Rusiya üçün iki ildə ərzaq buğdası ixracatını
demək olar ki, 50 faizə yaxın artırıb. 2021-ci ildə Rusiya dünya bazarına 30
milyon ton ərzaq buğdası çıxarıbsa, bu il 50 milyon ton buğda satmaq
fikrindədir. Bunu ABŞ-nin Kənd Təsərrüfatı Departamentinin proqnozları da
təsdiqləyir.
Dünyada buğda bol olduğuna, təklif tələbi üstələdiyi üçün buğda qiymətləri
ucuzlaşacaq. Amma bu ucuzlaşmanın Azərbaycan daxilində çörəyin və unun
qiymətlərinə təsir etmək ehtimalı çox aşağıdır. Çünki bu sahə tam olaraq
inhisardadır. Çörəyin qiyməti 5 qəpik düşəndə, qalxanda da bütün mağazalarda
eyni vaxta düşür, eyni vaxtda da qalxır. Bu, monopoliyada olmasaydı, bir
sahibkar çörəyin qiymətini artıranda o biri azaldır ki, rəqabət olsun və çox
qazansın. Amma bu da daxil hansı sahə inhisardadırsa, o sahədə keyfiyyətin
artıb, qiymətin aşağı düşməsi çətin məsələdir. Çörəyin beş qəpik də olsa
ucuzlaşması hökumətin müvafiq tədbirləri ilə bağlıdır”.
Könül Cəfərli