f0cfc63c-861b-4d9d-9271-bfb383f5609c..jpg

Azərbaycanda dəhşətli qətl: Kişini qazdığı quyuda basdırdılar – FOTO

Baxış sayı: 799 dəfə baxılıb.

Azərbaycanda dəhşətli qətl: Kişini qazdığı quyuda basdırdılar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il iyunun 11-i gecə saat 1-də 1978-ci il təvəllüdlü Şahin İmamov
Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrək mayın 31-də qonşusu Elburus
Abdullayevlə birlikdə Mirzağa adlı şəxsi meşə ərazisində öldürdüklərini və
meyiti orada basdırdıqlarını bildirib. Məlumatın düzgünlüyünün yoxlanılması
məqsədi ilə həmin şəxs Əbilyataq kəndindəki meşə massivinə aparılıb. Onun
göstərdiyi yerdən meyit qazılaraq çıxarılıb və patoloji anatomiya şöbəsinə
göndərilib. Öldürülən şəxsin Xaçmaz şəhər sakini 1967-ci il təvəllüdlü Mirzağa
Əzizov olması müəyyənləşdirilib. 1975-ci il təvəllüdlü Elbrus Abdullayev
saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, Elbrus Abdullayev tanışı Mirzağa Əzizova olan
4500 manat borcundan yaxa qurtarmaq və onun yaşadığı Bakı prospekti ev 95
mənzil 5-də olan 5500 manat pulunu ələ keçirmək üçün onu öldürmək qərarına
gəlib. Niyyətini həyata keçirməyi şəhər sakini Şahin İmamova təklif edib. Mayın
31-i saat 12 radələrində zəngləşib görüşəndən sonra Mirzağa Əzizovu aldadıb, öz
avtomobili ilə rayonun Əbilyataq kəndində yerləşən meşə massivinə gətiriblər.
Orada baltanın çapıcı hissəsi ilə həmin şəxsin başına zərbələr vurub, onu
qazdıqları quyuya atıblar. Ardınca huşsuz halda olan Əzizovun baş və boyun
nahiyələrinə belin iti hissəsi ilə əlavə zərbələr endirib, zərərçəkəni xüsusi
amansızlıqla öldürüblər. Mərhumun şalvarının cibindən onun yaşadığı mənzilin
açarını götürüb, meyiti cinayətin alətləri ilə birgə quyuda basdırıblar. Sonra
öldürdükləri şəxsin evinə gedib, ona məxsus pulları və başqa ölkəyə getməsi
görüntüsünü yaratmaqdan ötrü xarici pasportunu götürüblər. Həmin gün birlikdə
Bakı şəhərinə gedərkən, yolda pasportun vərəqələrini cırıb, məhv ediblər.

İş üzrə dindirilmiş Elbrus Abdullayev bildirib ki, Quba rayonun 2-ci Nügədi
kəndində anadan olub, Xaçmaz şəhərinin Gəncəvi küçəsində fərdi evdə yaşayıb və
Şahin İmamov qonşusudur. Mirzağa Əzizovla 2014-cü ildən dostluq edib,
bir-birilərinin evinə gediş-gəlişləri olub:

Elbrus Abdullayev

“Mirzağanın sol ayağı fiziki qüsurlu olduğundan o, ağsayaraq gəzirdi. Ailə
qurmamışdı, Xaçmaz şəhərinin Bakı prospektində, əlillər üçün inşa edilmiş
binada yaşayırdı. 2016-cı ildə mənə faizə 500 manat borc pul verdi. Həmin
məbləği qaytarandan sonra ayrı-ayrı vaxtlarda ondan ümumilikdə faizsiz 4500
manat pul götürmüşəm. Lakin imkanım olmadığından borclarımı qaytara bilmədim.
Mirzağa bir neçə dəfə məndən pulunu tələb etsə də, ondan möhlət istəmişəm.
Mayın 20-də Mirzağanın evində qonaq olarkən o, evində 7000 manat pul
saxladığını dedi. Ayın 24-də görüşəndə Mirzağa borcu barədə arvadıma
danışdığını dedi, bu hərəkətinə görə ona acıqlandım. Aramızda narazılıq
yarandı. Mayın 30-da yaşadığım evdə olan zaman Şahin İmamova zəng edərək,
onunla vacib işim olduğunu söylədim. Axşam qonşumun evinə gedib onu çölə
çağırdım. Sərxoş vəziyyətdə olan Şahin gəlib mənim “Mercedes” markalı
avtomobilimə əyləşdi. Söhbət əsnasında, Mirzağanın tək yaşadığını, evində 7000
manat pulu olmasını və ona təxminən 4500 manat borcum olduğunu dedim. Bildirdim
ki, Mirzağanı öldürüb, evindən pulu götürüb aramızda bölüşdürək. Bununla da,
borcdan canımı qurtarım. Şahin təklifimlə razılaşdı.

Mayın 31-i səhər saat 9-da qonşumla görüşüb cinayəti nə cür törədəcəyimiz
barədə danışdıq. Şahin Mirzağanı rayonun Əbilyataq kəndində yerləşən meşə
massivində öldürməyi və meyiti də orada basdırmağı təklif etdi. Aramızdakı
razılaşmaya əsasən mən Mirzağanın başını qatmalı, Şahin isə fürsətdən istifadə
edib, balta ilə başına zərbələr vurmalıdır. Sonra yaşadığım evin həyətindən daş
baltasını götürüb, avtomobilin yük yerinə qoydum. Zəng edib danışandan sonra
avtomobili Bakı prospekti ilə Z.Tağıyev küçəsinin kəsişməsinə tərəf sürdüm və
Mirzağanın bizi gözlədiyini gördük. Şahin avtomobildən düşüb sağ arxa
oturacaqda əyləşməklə öz yerini ona verdi. Maşında Şahin Mirzağaya, yalandan
meşə ərazisindən torpaq yığıb Bakıda yaşayan dostuna göndərmək istədiyini dedi.
Mirzağa heç nədən şübhələnmədi və razılaşdı. Mağazadan araq, pivə, ərzaq, meşə
torpağını daşımaq üçün kisələr və iki ədəd bel aldıq. Əbilyataq kəndində
yerləşən meşəyə yollandıq. Şahin əvvəllər orada yaşadığından, həmin əraziyə
bələd idi. Saat 12 radələrində meşəyə çatdıq. Şahin araq, Mirzağa isə pivə
içdi. Səhhətimdə problem, eyni zamanda sükan arxasında olduğum üçün spirtli
içki qəbul etmədim. Hər üçümüz bel ilə meşə torpağını qazıb kapron kisələrə
yığdıq. Təxminən 1 saatdan sonra, Mirzağanın üzü qazdığımız quyuya tərəf
olarkən, Şahin baltanın kəsici hissəsi ilə onun başına zərbə vurdu. O, yerə
yıxılandan sonra baş və boyun nahiyələrinə ardınca daha üç dəfə güclü zərbələr
endirdi. Öldüyünü görüb, onu qazdığımız quyuya atdıq. Şahin quyuya düşüb belin
iti hissəsi ilə Mirzağanın başına əlavə xəsarətlər yetirdi. Mən də quyuya
tullanıb mərhumun ciblərini axtarmağa başladım. Şalvarının sağ cibindən
mənzilin açarını tapdım. Mirzağanın idman papağını, 6 ədəd torpaqla dolu
kisələri, baltanı və beli quyuya tulladıq”.

Mərhumun mobil telefonu, yeyib-içdikləri yerdə qaldığı üçün, onu söndürüb
avtomobilinə qoyub. Saat 14 radələrində Mirzağanı basdırıb, meşə massivindən
çıxıblar. Əbilyataq kəndinin çıxışındakı kanala, özlərində qalan daha bir ədəd
beli və dörd ədəd boş kisəni atıblar. Əlillər üçün inşa edilmiş binanın yanına
çatandan sonra, Şahin avtomobildə qalıb:

“Mirzağanın yaşadığı bloka daxil olaraq, 2-ci mərtəbəyə qalxdım və mənzilin
qapısını açarla açdım. 1-ci otaqda ağ rəngli paketin içindən, dəsmala bükülmüş
pulları və mərhumun xarici pasportunu götürdüm. Əskinazları sayıb, ümumi
məbləğin 5500 manat olmasını gördüm. Pasportu götürməkdə məqsədim o idi ki,
guya Mirzağa xarici ölkəyə gedib. Yarım saatdan sonra qayıdıb tapdığım məbləğin
yarısını Şahinə verdim. Sonra daş bazarına getdik. Orada qonşum 500 manata
mişar daşları, qum və digər tikinti materialları aldı. 2 saatdan sonra Şahinlə
birlikdə Bakıya getmək üçün yola çıxdıq. Şabran rayonunda, Mirzağaya məxsus
evin açarını və pasportunu Vəlvələ çayına tulladım. Sumqayıta az qalmış
mərhumun telefonunu da sındırıb pəncərədən çölə atdım. Saat 22 radələrində
Bakıya çatdıq. “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən geyim
mağazalarından özümüzə təzə paltar və ayaqqabı aldıq. Geri qayıdanda Şahini
Xırdalan dairəsində düşürdüm, özüm isə rayona gəldim. Qonşum iki gün Mehdiabad
qəsəbəsində, tanışının evində qaldı.

Şahin İmamov

İyunun 5-i və ya 6-da görüşəndə, Şahinin təklifi ilə mərhumu basdırdığımız
yerin üstünə dizel yanacağı tökdük. Bunu da ona görə etdik ki, meşədə olan
yırtıcı heyvanlar quyudan meyiti qazıb, çıxartmasınlar. İyunun 10-da Şahinin
hərbi xidmətdə olan oğlu İmam qısa müddətli məzuniyyətə gəlmişdi. Bununla
əlaqədar təşkil olunan məclisdə spirtli içki qəbul edən Şahin gecə saat 1
radələrində sərxoş halda valideynlərinə, həmçinin oğlum Aydına törətdiyimiz
hadisəni danışdı. Sonra isə polisə getdi. Yolda Daxili İşlər Nazirliyinin “102”
xidmətinə zəng edib yalandan namus üstündə adam öldürdüyümü bildirdim”.

Zərərçəkmiş şəxsin hüququ varisi Vaqif Əzizov ifadəsində göstərib ki, bir neçə
rayon sakininin, o cümlədən Elbrus Abdullayevin qardaşı Mirzağa Əzizova pul
borcu olub:

“Axırıncı dəfə Mirzağanı mayın 29-da tanışımın yas mərasimində görmüşdüm.
Bundan bir həftə sonra qardaşıma zəng etsəm də, telefon nömrəsinə zəng çatmadı.
Narahat qalıb qardaşlarımdan Mirzağanı xəbər alanda, onlar da onun harada
olmasını bilmədiyini dedilər. Qardaşımın hər il Bakıya, Mərdəkan qəsəbəsində
yerləşən sanatoriyalara istirahətə getdiyini bildiyimdən, onun orda olmasını
düşündük. İyunun 11-də Mirzağanın meyitinin morqda olduğunu bildik. Həmin gün
meyiti təhvil alıb kənd qəbirstanlığında dəfn etdik. Polis şöbəsində mənə
bildirdilər ki, Elburus və Şahin adlı şəxslər qardaşımı öldürüb, meşədə
basdırıblar”.

Məhkəmə iclasında Şahin İmamov və Elburus Abdullayev ittihamlar üzrə özlərini
təqsirli biliblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə
ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Elburus Abdullayev və Şahin İmamov Cinayət
Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam
öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə),
120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq,
zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 326.2-ci
(vətəndaşın pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələrində
nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə Elburus Abdullayev və Şahin İmamov qəti olaraq 19 il
müddətinə azadlıqdan məhrum olunublar.

Source link