Azərbaycanda daun sindromlu şəxslərin sayı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hazırda Azərbaycanda 1800-ə yaxın daun sindromlu əlilliyi olan şəxs var.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi
olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.
Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya (atlarla
terapiya), rəqs terapiyası və s. daxildir.
Mərkəzlərdə daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator
xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da
reabilitasiya xidmətlərlə təmin olunurlar.
Daun sindromlu əlilliyi olan şəxslər agentlik tərəfindən həftədə bir dəfə
ippoterapiya xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu
terapiya üsulu daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda
autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların
sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.