Azərbaycanda DƏHŞƏT: Qızı başqası ilə qaçdığına görə oğlunu QƏTLƏ YETİRDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti
verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həmid qızı Sevilin başqa şəxslə
uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq, əslən Beyləqan
rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının
sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.
Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq, Sevilin yenidən
Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi
qənaətinə gəlib.
19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə
gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik
edib.
Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq
otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun
boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat
edib.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü
(xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham
elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə
özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub:
“Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana
getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdilər. Evdə Samirədən qızımın
harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin
onu yola saldığını bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən
göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:
“Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa
heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə
gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan
danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə
imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra
evə gəldim.
Axşam saat 21:20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana
bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də
ona həddini aşmamasını söylədim”.
Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər tərəfindən
döyüldüyünü, mobil telefonunun da əlindən alındığını deyib: “Ona inanmadım.
Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında
avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefonu avtomobildə tapa
bilmədik.
Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir
əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı
divandan tulladığını və Samirə dəydiyini bildirib: “Əsəbi olduğumdan bıçağı
divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm
hüquq-mühafizə orqanlarına müraciət etməzdim.
Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı mobil
telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki əşyanın bıçaq
olduğunu bilmişəm”.
Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox, bir dəfə
vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb, dörd nəfərlə
dalaşaraq evə gəlib.
Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.
O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: “Qızım Sevillə bağlı
Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir
problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə günü
yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu içki qəbul
etməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Samirənin
sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən götürərək gedib:
“Həmid onda Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu səbəbdən biz bir müddət
kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir valideynlərinə yazığının
gəldiyini, evin tək oğlu olduğunu bildirdi və biz Həmidgilin yanına qayıtdıq.
Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə, gələndə Samirlə münaqişə
yaradırdı. Samirin harasa gedib-gəlməyini belə həmişə problem edib”.
Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə Samirin heç bir təqsiri
olmayıb: “Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə sərxoş idi ki, heç
danışa bilmədi, o ki qaldı kiməsə cavab qaytarsın və ya onu təhqir etsin.
Münaqişə zamanı qayınatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə fiziki
xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və başının
üzərinə çıxdı. Samirə çox ağır fiziki bədən xəsarətləri yetirdi. Mənimlə
qayınanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə bıçaqlanmasaydı belə, çox
ağır şəkildə döyüldüyü üçün öləcəkdi.
Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa doğru
aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan iki dəfə
vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdi”.
Zərərçəkmiş bildirib ki, əri Samir spirtli içkiyə meyilli olmayıb: “Sadəcə,
hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir olunduğu üçün çox içki
içmişdi”.
Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O,
təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: “Həmidin nə səbəbə Samirlə
yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o, ailəsi ilə
birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.
Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan sonra
Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını bildirdi.
Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın mümkün olmadığını
başa düşdü. Bacısına icazə verməsə, onun evdən qaçacağını anladı. Bu səbəbdən
də Samir Sevilə iki gün sonra evə qayıtması şərtilə evdən getməsinə razılıq
verdi”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin
hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.