f2549fe0-843c-4275-937f-22af078009d6..jpg

Azərbaycanda distant təhsilə keçilməlidir? – AÇIQLAMA

Baxış sayı: 740 dəfə baxılıb.

Azərbaycanda distant təhsilə keçilməlidir? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Bunu TƏBİB-in
Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi
Turan İbrahimova açıqlayıb.

Qeyd edək ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması
səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında
195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə
distant formada keçiriləcək.

Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi
brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə
keçə biləcəyini açıqlayıb.

“Distant təhsili reallaşdırmalıyıq”

Mövzu ilə bağlı Bizim.media-ya danışan təhsil eksperti Nadir İsrafilov distant
təhsilin “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit
olunduğunu xatırladıb.

O, deyib ki, biz buna lazımi səviyyədə diqqət yetirmirik və hətta
universitetlərin belə distant təhsilə keçməsini reallaşdırmalıyıq:

“Distant təhsil yalnız COVID-19 pandemiyası dövründə yada düşdü. Artıq bir
neçə ildir ki, bu təcrübə bir çox ölkələrdə geniş tətbiq olunur və böyük
təcrübə qazanılır. Üstəlik, əlverişli imkanlar yaradılır və ən müasir
texnologiyalarla təchiz olunur. İndi də ölkədə qızılca, suçiçəyi kimi
xəstəliklər ortaya çıxıb.

Buna görə də heç kim yenidən başqa bir pandemiya dövrünün
başlanılıb-başlanılmayacağı ilə bağlı təminat verə bilməz. Biz də indidən hazır
olmalıyıq. Pandemiya dövründə müəyyən təcrübə qazandığımız üçün, artıq hansı
problemlərin olduğunu və hansıları həll edəcəyimizi bilirik. Bir sözlə,
pandemiya oldu, olmadı, bu məsələnin həllinə nail olmalıyıq.

Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan
da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən
təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet
vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq,
ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq
mümkündür”.

Bəs distant təhsil əyani təhsil qədər effektiv olurmu?

Təhsil eksperti Azərbaycanda bununla bağlı müsbət bir nəticəsinin əldə
edildiyi barədə fikir söyləməyin hələlik tez olduğunu bildirib:

“Ən azı bir və ya iki il nəticə olmayacaq, amma üçüncü il effektiv olacaq. Biz
bir çox layihələri əvvəlcə pilot şəklində həyata keçiririk və nəticəsi olarsa,
geniş tətbiqinə başlayırıq”.

Source link