17f3082c-6917-4ead-bec3-d0b327127154..jpg

Azərbaycanda Dövlət Bayrağı Günüdür – FOTO/VİDEO

Baxış sayı: 1. 539 dəfə baxılıb.

Azərbaycanda Dövlət Bayrağı Günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür.

“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır,
ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan
xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.

Cixisyolu.com xatırladır ki, şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul
olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli
istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq
və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy
Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və
onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan
xalqı öz istiqlaliyyət rəmzini unutmadı.

Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının
Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan
xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli
və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı
sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident
həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi
üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək
Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı
günü qeyri-iş günü hesab olunur.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla
qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində
davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə
nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli
bayrağımız Qarabağda dalğalandırılıb.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının
dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə
birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa
şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər
anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda,
Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.

Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz
bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq
və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış
bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi
altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura
yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın
dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız
günlər uzaqda deyil!

Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan
canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu
bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət
bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz
üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından
keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla
yanaşmaq bizim vəzifəmizdir!


Source link