Azərbaycanda dövlət büdcəsi xərcləri üzrə “Yaşıl dəhliz” sistemi yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Maliyyə Nazirliyinin Kollegiyası “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə
əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması
Qaydası”nı təsdiqləyib.
Bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Eyni zamanda nazirliyin 28 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş
“Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında təlimat”
və “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul
olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında təlimat” ləğv edilib.
Yeni qərara əsasən, Maliyyə Nazirliyi xərclər üzrə maliyyə əməliyyatlarının
aparılmasının sadələşdirilməsi məqsədilə bir sıra xərclər üzərində kassa
məxaric əməliyyatlarının aparılmasında təsdiq səlahiyyətlərinin xüsusi proqram
təminatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üçün “Yaşıl dəhliz”
sistemi yaradacaq. “Yaşıl dəhliz” sisteminin əhatə etdiyi xərclərin siyahısını
nazirlik müəyyən edəcək.
Bu sistem “Dövlət satınalmaları haqqında” qanuna və yaxud Mülki Məcəlləyə
uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və
yaxud mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclərə aid
edilməyəcək. Zərurət yarandıqda, meydana çıxan risklər qiymətləndirilməklə
Maliyyə Nazirliyi xərclər üzərində “Yaşıl dəhliz” sisteminin tətbiqini
məhdudlaşdıra bilər.
Həmçinin, büdcə səviyyəsi, dövlət xəzinədarlığına pul vəsaitlərinin daxil
olmasının təmin edilməsi, xərclərə dair maliyyə əməliyyatlarının aparılması
üçün xəzinə hesablarının açılması və bağlanması qaydası müəyyənləşib. Belə ki,
xəzinə hesablarının rekvizitləri 28 simvoldan ibarət olacaq və vahid büdcə
təsnifatı üzrə müəyyən edilmiş inzibati təsnifat kodlarının son üç rəqəmi
nəzərə alınacaq.
Bundan başqa, Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin (XİİS) əhatə
dairəsi müəyyənləşdirilib.
XİİS operatoru büdcə səviyyələri üzrə müəyyən edilmiş gəlir və xərc
smetalarını hər il yanvar ayının 10-na qədər orqan və qurumların xəzinə
hesabları üzrə şəxsi vərəqələrinə daxil edəcək. Təşkilat üç iş günü ərzində
şəxsi hesab vərəqəsində dəyişiklik edə bilər, operator həmin dəyişiklikləri iki
iş günü ərzində yoxlayaraq təsdiq edir.
Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinə bu qərarın üç gün müddətində
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə
təqdim edilməsi tapşırılıb.