Azərbaycanda faktorinq əməliyyatlarında YENİLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ildən Azərbaycanda faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi işə
salınıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, sahibkarlıq subyektlərinin əməliyyatlarının faktorinq aləti
vasitəsilə çevik şəkildə kreditləşdirilməsindən aktiv istifadə edilir, bu alət
biznesin maliyyə yükünün azaldılması və likvidlik səviyyəsinin artırılması
istiqamətində bazara ciddi şəkildə təkan verir.
Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən
biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və
bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə, istehsalçı və
topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb
olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes
subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil
olması ilə bağlı çətinliklər aradan qalxır.
Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış
malların, işlərin, xidmətlərin əsas dəyəri satıcının bank hesabına, ƏDV məbləği
isə ƏDV-nin depozit hesabına ödənilməlidir. Lakin faktorinq üzrə əməliyyatların
əsas dəyəri satıcıya deyil, müvafiq kredit təşkilatına ödənilir. Bu zaman,
Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin əvəzləşdirilməsində
məhdudiyyətlər yaranır.
Faktorinq aləti mülki qanunvericilikdən irəli gələn və biznes subyektlərinə
verilən hüquq olduğundan bunun vergi qanunvericiliyində də aydın şəkildə təsbit
edilməsinə zərurət yaranıb. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə
maliyyələşmə alətlərinin cəlbediciliyinin artırılması və biznesin
fasiləsizliliyinin təmin edilməsi üçün faktorinq alətindən istifadə zamanı
ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü qanunvericiliyə
daxil edilib.