Dövlət Gömrük Komitəsinin (DGK) inspektoru .ov rüşvətə görə vəzifəsindən azad edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, DGK-ya gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ölkə ərazisinə qanunsuz yollarla malların idxal olunmasında vasitəçilik etməsi barədə daxil olan məlumat əsasında Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən “Lüks İstanbul” firmasına məxsus “Mersedes Benz travego” markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib.
Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan “metal borular” adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o həmin “metal borular” adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün “Qırmızı Körpü” gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində .ova 400 ABŞ dolları məbləğində pul verib.
Yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb.