Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi
vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun
layihəsi Milli Məclisə daxil olub.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.
Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət
tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış
təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi
pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim
ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı
azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya
təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin
artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən
65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın
1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini
tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun
layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş
hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi
xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü
il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi
qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil
almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks
olunub.