Azərbaycanda halal dərmanların hansı qaydada istehsal ediləcəyi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və
həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri
nəzərdə tutulur”.
Bunu “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin
standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.
O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə
verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır:
“Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan
mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur.
Qeyd edim ki, standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal
edilən halal dərman vasitələrinə aid edilir”.
Qurum rəsmisi, həmçinin bildirib ki, halal dərman vasitələri ilə bağlı dövlət
standartı da daxil olmaqla, ümumilikdə bütün standartların tətbiqi könüllü
əsaslarla həyata keçirilir:
“Qanunvericiliyin tələblərinə əsasən, təsərrüfat subyektləri tərəfindən
müəyyən standart, məsələn halal dərman vasitələri ilə bağlı dövlət standartı
tətbiq olunursa, onda həmin standartların tələblərinə riayət olunmalıdır. Belə
ki, uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri
bu standartın tələblərinə riayət etmədikləri təqdirdə, bu, istehlakçıların
aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla
müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma
İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci
hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.