8e19e02d-9d40-4084-9333-33fd97304990..jpg

“Azərbaycanda hotellər böyük bazarlarla rəqabət üçün uzunmüddətli satışlara hazır olmalıdır” – FOTO

Baxış sayı: 897 dəfə baxılıb.

“Azərbaycanda hotellər böyük bazarlarla rəqabət üçün uzunmüddətli satışlara
hazır olmalıdır” – FOTO

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə
Heyətinin sədri Göydəniz Qəhrəmanov “Report” İnformasiya Agentliyinə müsahibə
verib. O, müsahibəsində turizm sektorunun inkişafı üçün atılan və atılacaq
addımlar, Azərbaycanın turizm şirkətlərinin qarşılaşdıqları çağırışlar və başqa
məsələlərlə bağlı fikirlərini bölüşüb.

– Göydəniz müəllim, rəhbərlik etdiyiniz təşkilat sektorda hansı işləri görür
və sektorun qarşılaşdığı məsələlər nədən ibarətdir?

– ATAA 2019-cu ildə təsis edilib və iki ildən bir assosiasiyamıza seçkilər
keçirilir. Ötən ilin avqust ayında növbəti seçkilər keçirildi və mən İdarə
Heyətinin sədri vəzifəsinə seçildim. Hazırda təşkilatımızın üzvləri olan turizm
şirkətlərinin sayı 132-dir. Bizim bəlli qaydalara əsasən, akkreditasiya həyata
keçirilir. Çünki bazarda 700-800 turizm şirkəti fəaliyyət göstərir. Çalışırıq
ki, üzvlərimiz beynəlxalq standartlara uyğun şirkətlər olsun. Bu isə, onların
güvəni, əsasən daha professional olması deməkdir.

Çətinliklərə gəlincə, onu deyə bilərəm ki, pandemiya dövründə bizim sahə ən
çox zərərçəkən sahələrdəndir. Hətta bir neçə turizm şirkətləri fəaliyyətlərini
dayandırdılar, bəziləri fəaliyyət istiqamətlərini dəyişdilər.

Amma assosiasiya olaraq çalışırıq ki, üzv şirkətlərimizin qarşılaşdığı
problemləri həll edək və onlar mənfəət əldə etsinlər.

Bilirsiniz ki, əsas hədəfimiz Azərbaycana gələn turistlərin sayının
artırılmasıdır. Buna isə işi zəncirvari qurmaqla nail olmaq mümkündür. Uğurlu
nəticəyə nail olmaq hansısa qurumun tək görə biləcəyi iş deyil. Zəncir harada
qırılsa, bu ümumi prosesə mənfi təsir edəcək.

– Ötən il Azərbaycanda “Turizm haqqında” qanun qüvvəyə mindi. Bu sahədə
çalışanların əksəriyyəti adıçəkilən qanunun mütərəqqi olduğunu desə də,
sektorun bəzi üzvləri hesab edirlər ki, həmin sənədin bəzi müddəaları turizm
sahəsində mənfi halların baş verməsinə səbəb olacaq. Sizin fikriniz necədir?

– Yeni qanunun sektora ancaq xeyri dəyəcək. Çünki bu qanunun qəbul olunmasının
artıq vaxtı çatmışdı. Nəticədə Azərbaycan Prezidentinin imzası ilə 2022-ci ilin
yanvarından “Turizm haqqında” qanun qüvvəyə mindi.

2015-ci ilin sonunda mehmanxana və turizm fəaliyyəti ilə bağlı lisenziyalar
ləğv edilmişdi. Bu sektor üçün yaxşı dinamika verdi. Çünki icazənin alınması
üçün 5 500 manat məbləğində dövlət rüsumu ödənilirdi. Amma bir sıra bürokratik
işlərə yanaşmaların dəyişməsi sahibkarlara daha rahat fəaliyyət göstərmələrinə
şərait yaratdı. Nəticədə proseslər yeni turizm şirkətlərinin açılmasını
stimullaşdırdı. Qeyd edim ki, bu çox gözəl addımdır, amma ondan sui-istifadə
edənlər də oldu. Belə ki, fəaliyyətlərini evdən, kafedən davam etdirən şəxslər
belə işlərə başladılar. Bu da istər-istəməz öz mənfi təsirini göstərmiş oldu.
Çünki müqayisə etsək görərik ki, həmin şəxslərin göstərdiyi xidmətin keyfiyyəti
daha aşağıdır.

Əslində turizm sahəsi maraqlı və geniş sahədir. Hamı daimi olaraq bu sahənin
inkişafında maraqlı olmalıdır. Bunun üçün isə mütləq şəkildə yeni qanun lazım
idi. Qanun olmasa, xaos yaranar. Yeni qanun həm turizm şirkətlərinin, həm də
müştərilərin hüquqlarını müdafiə etməyə imkan verir. Bir daha qeyd etmək
istəyirəm ki, bu qanunun olması turizm sektorunun daha da genişlənməsinə müsbət
təsir edəcək.

– Son aylar Naxçıvan Muxtar Respublikasında da müəyyən islahatlara start
verilib. Muxtar Respublikanın turizm potensialının geniş olmasını nəzərə alaraq
üzvləriniz tərəfindən reallaşdırmaq istədiyi hansısa layihələr varmı?

– Həqiqətən də Naxçıvanın turizm potensialı genişdir. Burada həm yay, həm də
qış turizmi imkanları böyükdür. Bilirsiniz ki, Naxçıvanda xizək turizmi də
inkişaf edib.

Düşünürəm ki, yaxın gələcəkdə bu regionun turizm potensialı ilə geniş və
yaxından məşğul olmaq imkanımız olacaq. Naxçıvanın sərhəd bölgəsi olması burada
xaricdən gələn turistlərin də istirahət edə bilməsinə şərait yaradacaq.

Həmçinin Naxçıvanda Duzdağın olması müalicəvi turizm imkanlarının böyük
olduğunu deməyə əsas verir. Hətta mövsüm vaxtı həmin məkanda boş yer tapmaq
belə çətin olur.

Naxçıvanda beynəlxalq hava limanının olması bu regionun turizm imkanlarından
istifadəni asanlaşdırır. Əminik ki, tezliklə Zəngəzur dəhlizinin açılması bu
regionun turizm potensialının kəşf edilməsinə əvəzsiz təsir edəcək.

Bildiyiniz kimi, bu il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100
illiyi qeyd ediləcək. ATAA olaraq Naxçıvanda ulu öndərlə bağlı tədbirlərin
keçirilməsini planlaşdırırıq.

– Bilirik ki, ATAA və sektorda fəaliyyət göstərən bu kimi dövlət və özəl
təşkilatların əsas məqsədi gəlmə turizmini inkişaf etdirməkdir. Amma
sərhədlərin hələ də bağlı olduğu, aviabiletlərin baha olduğu, aşağı büdcəli
aviareyslərin az olduğu dövrdə buna nail olmaq nə qədər mümkündür?

– Sizinlə tamamilə razıyam ki, Azərbaycana gələn turistlərin sayının
artırılması həm dövlətimizin, həm də bizim prioritetimizdə duran əsas
məsələdir. Gəlmə turizmi yeni iş yerlərinin açılmasına, büdcəyə əlavə
vəsaitlərin daxil olmasına, xarici valyutanın axınına, ölkəmizin mətbəxinin,
turizm imkanlarının təbliğinə şərait yaradır.

Logistika məsələsinə gəlincə isə, təəssüf ki, uçuşlarımızın sayı o qədər də
çox deyil. Hesab edirəm ki, bu məsələdə də biz işlər görməliyik. İstərdik ki,
ölkəmizə büdcəli aviaşirkətlər gəlsin. Biz dəfələrlə bu məsələ ilə bağlı öz
fikirlərimizi bildirmişik. Regionlardakı hava limanlarının kirayə, yaxud
hansısa şərtlər altında həmin şirkətlərin istifadəsinə verilməsini tövsiyə
edirik. Bu praktika artıq Gürcüstanda var. Misal üçün, Kutaisi hava limanı
“WizzAir” şirkətinə icarəyə verilib. Bu isə turist sayında əməlli artıma
gətirib çıxarıb. Bizdə də bu təcrübə sınanmalıdır. Mütləq şəkildə büdcəli
aviaşirkətlərin sayı artırılmalıdır. Paralel olaraq digər hava yollarının da
Azərbaycana uçuşlarının artırılmasını istərdik. Uçuşlar nə qədər çox olsa,
turist axını bir o qədər çox olacaq.

Bəzən görürük ki, biletlərin qiyməti yüksək olur. Təbii ki, bu rəqabətin az
olması ilə bağlıdır. Rəqabət olarsa, seçim imkanları olar və bu da bizim üçün
xüsusi əhəmiyyət daşıyır.

Əlavə olaraq qeyd edim ki, yazda “Air Baltic” şirkəti öz uçuşlarına start
verəcək. Həmçinin “LOT” hava yolları da uçuşlarını artırmağı planlaşdırır.
Bundan əlavə “Lufthansa” aviaşirkəti də uçuşların sayını artırmağı planlaşdırır.

Bir sözlə əsas məqsədimiz odur ki, mövcud hava yolları şirkətləri uçuşları
artırsın, paralel olaraq yeni aviaşirkətlər bazara daxil olsun.

– Göydəniz müəllim, siz özünüz də dediniz ki, təmsil etdiyiniz sektor ən
həssas sektorlardan biridir. Pandemiya dövründə ən çox zərər görən sahələrdən
biri turizmdir. Son zaman baş verən Rusiya-Ukrayna müharibəsinin, həmçinin
İranın regionda yaratdığı gərginliyin bizim turizm sektoruna hansı təsirləri
ola bilər?

– Əslində, baş verən hansısa narahatlıq turistlər üçün də çətinliklər yaradır.
Pandemiya dövründə də biz oxşar halı yaşadıq. Sərhədlərin bağlanması ilə
ölkəmizə turistlərin gəlişi dayandı. Hesab edirəm ki, artıq biz belə hallarla
bağlı təcrübəyə malikik.

Pandemiyadan öncə, yəni 2019-cu ildə biz 3 milyondan çox turist qəbul
etdiyimiz halda, 2020-ci ildə bundan 4-5 dəfə az qonaq qəbul etdik. Ən az eyni
göstəriciyə çatmaq üçün işlər görülməli, yoluxmaların sayı minimuma düşməli,
aviareyslərin sayı artırılmalıdır. Regionda baş verən istənilən çətinlik turizm
sektoruna da təsir edir.

– Turizm agentlikləri iddia edirlər ki, bəzi hotellər mövsümdə öncədən
razılaşdırılmış qiymətlərdən daha çox pul tələb edir. Bu isə həm qiymətlərə,
həm də xidmətin keyfiyyətinə təsir edir. Qeyd edilən iddialar nə dərəcədə
doğrudur?

– Burada söhbət dinamik və statistik reydlərdən gedir. Düzdür, bu, bütün
hotellərə aid deyil. Amma belə hallar var və ondan xəbərdarıq. Biz daim gəlmə
turizmi komissiyasında bu məsələləri müzakirə edirik. Belə hallar əslində
turizm şirkətlərini problemlərlə üzləşdirir. Çünki sərgilərə gedən turizm
şirkətlərinin artıq əllərində konkret rəqəmlər olmalıdır ki, onları potensial
müştərilərə təqdim etsin. Məsələn, hazırda Türkiyə, Dubay kimi böyük bazarlarda
növbəti ilin sonuna qədər bütün qiymətlər artıq bəllidir. Amma Azərbaycanda
hotellərin bir qismində bu yoxdur. Çünki onlar satışları yalnız yaxın dövr –
təxminən 2-3 həftə üçün müəyyən edirlər. Anlayırıq k, hotellər də qazanmaq
istəyir. Amma nəzərə almaq lazımdır ki, biz böyük bazarlarla rəqabətə girmək
istəyiriksə uzunmüddətli satışlara da hazır olmalıyıq.

Yerli turizm şirkətlərinin üzləşdiyi problemlərdən biri də bəzən hotellərin
ayrı-seçkilik etməsi ilə bağlıdır. Belə ki, bəzən hotellər daha çox üstünlüyü
xarici turizm şirkətlərinə verirlər. Bu da düzgün yanaşma deyil. Nəticədə yerli
şirkətlərin inkişafı və böyüməsində maneələr yaranır.

– Hazırda innovativ inkişaf imkan verir ki, insanlar evdən çıxmadan onlayn
resurslar vasitəsilə istədiyi təyyarə biletini, hotel nömrəsini sifariş versin.
Məhz bu imkanların olması ənənəvi turizm şirkətlərinin fəaliyyətinə necə təsir
edir?

– Bəli, bu təsiri biz hiss edirik. İnnovasiyalar öz gücünü göstərir və
üstünlüyünü bildirir. Biz də ona hazır olmalıyıq. Dəfələrlə, üzvlərimizə,
həmkarlarımıza demişəm ki, dünya ilə ayaqlaşmaq istəyiriksə, bunu nəzərə almaq
lazımdır. Belə rəqabət mühitində daimi olaraq eyni tempdə gedə bilmərik.

Digər bir məsələni də nəzərə almaq lazımdır ki, hotellər yerli şirkətlərin
inkişafı üçün onlayn resurslara təqdim etdikləri qiymətləri onlara da
verməlidir. Çünki turizm şirkətləri burada ofis, əməkdaş saxlayır. Bu isə həm
də məşğulluq baxımından əhəmiyyətlidir.

Ancaq onlayn resurslarda çalışanda sabah müəyyən çətinliklərlə üzləşmək
mümkündür. Əgər o resurs ölkəmizdə fəaliyyətini dayandırsa, hotellərin
fəaliyyətinə də mənfi təsir edər. Ona görə də hotellər xidmətlərini paralel
olaraq həm onlayn, həm də oflayn təqdim etməlidirlər.

– Pandemiyadan öncə ölkəmizə daha çox lüks həyatı sevən ərəblər gəlirdi. Amma
indi, deyəsən, Uzaq Şərq ölkələri ilə, xüsusən də Yaponiya, Koreya və Çindən
olan turistlərlə maraqlanırıq. Hansı ki, onlar daha çox aşağı büdcəli qonaqlama
yerlərində qalmağı sevirlər.

– Hesab edirəm ki, biz yalnız bir istiqamətə fokuslanmamalıyıq. İstirahət
etmək üçün bizdə hər bir seqmentdə imkanlar var. Ölkəmizdə bu sektor hələ gənc
olduğu üçün maksimum çalışmalıyıq ki, həm lüks həyatı sevən ərəbləri, həm də
digər ölkələrdən gələn aşağı büdcəli turistləri qəbul edək. Hər bir turist
bizim üçün çox vacibdir.

Bu yaxınlarda Yaponiyaya səfərimiz oldu və hesab edirəm ki, bu uğurlu səfər
idi. Yapon turistləri də çox səfər etməyi və yaxşı pul xərcləməyi sevirlər.
Həmçinin Çindən olan turistlər də bizim üçün əhəmiyyətlidirlər. Bu ölkə böyük
bazardır. Yaxşı bir xəbər verə bilərəm ki, artıq bu ölkənin hava yolları
ölkəmizə uçuşlara start verir. Həmçinin Çindən olan böyük bir şirkətin
rəhbərliyi ilə təmaslarımız olub. Hansı ki, onlar da Azərbaycana turist
göndərməkdə maraqlıdırlar.

Məncə, biz buna hazır olmalıyıq. Təəssüf ki, regionlarımızda olan
hotellərimizin sayı çox azdır. Elə rayonumuz var ki, orada cəmi bir hotel var.
Onların sayının artırılması çox vacibdir. Ölkəmizə gələn turistlərin sayının
artırılması üçün də işlər görülməlidir. Mən bilirəm ki, artıq Dövlət Turizm
Agentliyi bununla bağlı proqram hazırlayıb və işlərə start verilməsi gözlənilir.

– Azərbaycanda bir çox sahələrin inkişafı üçün dövlət proqramları çərçivəsində
müəyyən güzəştlər edilir. Hazırda təmsil etdiyiniz sektora da belə güzəştlərin
edilməsi üçün hansısa müzakirələr aparırsınızmı?

– Hesab edirəm ki, belə güzəştlərin edilməsi mütləqdir. Qeyd etdiyim kimi
Dövlət Turizm Agentliyi tərəfindən belə proqram hazırlanıb. Paralel olaraq
sahibkarlar arasında onu təşviq etməli, həmçinin investisiyaların artırılmasını
da düşünməliyik. Hesab edirəm ki, dövlətin də dəstəyi ilə biz böyük
üstünlüklərə nail ola bilərik.

– Regionlarda hotellərin sayının az olması məsələsinə toxundunuz. Amma bəzən
daha çox problemlərin olması ilə bağlı iddialarla qarşılaşırıq. Hazırda turizm
şirkətləri Azərbaycan regionlarında hansı problemlərlə bağlı narahatdırlar?

– Pandemiyadan qabaq regionlarda elə restoranlar var idi ki, iki menyu təqdim
edirdi. Yerli turistə bir qiymət, xarici turistə başqa qiymət təklif olunurdu.
Düzdür, indi belə hallar çox azalıb. Amma bir faktın belə olması heç də yaxşı
hal deyil.

Regionlarda turizmin inkişafına mənfi təsir edən amillər sırasında hotellərin
az olması ilə yanaşı, hava limanlarının bağlı olması, sürətli dəmiryolu
xətlərimizin az olmasıdır. Elə regionlarımız var ki, çox uzaqdır. Turistlər
avtobusla yaxud maşınla 3 saatdan artıq yol getmək istəmirlər. Çox istərdik ki,
bu problemin həlli üçün sürətli qatarlarımız olsun. Belə olsa, biz Qax,
Zaqatala, Balakən, Qazax kimi rayonlarımızın turizmini daha çox inkişaf
etdirərik.

Digər bir məsələ regionlarda xidmət səviyyəsinin artırılması ilə bağlıdır.
Artıq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq biz də bu il üçün
yerli sahibkarlara təlimlərin keçirilməsini nəzərdə tutmuşuq. Amma bir daha
qeyd edim ki, atılacaq addımlar bir olmalıdır. Tək-tək işlər görməklə nəyəsə
nail olmaq mümkün deyil.

Source link