29bda0cc-8873-413a-8a43-9a8b6c072ca3..jpg

Azərbaycanda icra başçısının sabiq müavini bir milyon manatdan çox mənimsəmədə ittiham olunur

Baxış sayı: 660 dəfə baxılıb.

Azərbaycanda icra başçısının sabiq müavini bir milyon manatdan çox mənimsəmədə
ittiham olunur

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti
başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt
Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və
tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur
Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket
məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə
təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında
2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə
xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı
şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan
Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul
olması görüntüsü yaradaraq Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min
684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat
məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla
mənimsənilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min
manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə
əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək
leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz
Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla
mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı
leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5,
179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5,
308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə
köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Onu da qeyd edək ki, Gündüz Əliyev bu il mart ayında Sumqayıt İcra
Hakimiyyətinin başçısının əmri ilə icra başçının müavini, həmçinin İH-nin şəhər
təsərrüfatı şöbəsinin müvəqqəti müdiri vəzifələrindən azad olunub.

Source link