Azərbaycanda iki klub dağılmaq astanasındadır – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol
komandaları dağılmaq təhlükəsinin astanasındadır.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, bu mövsüm Yüksək Liqanın ilk turunda
üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi
maliyyə ilə bağlıdır.
Belə ki, komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin
olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri
yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib.
Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı
Nuran “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırılıb.
Komanda hazırda üç aydır ki, maaş üzünə həsrətdir. “Xarı Bülbül Şuşa” bu
səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın
“Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız
Azərbaycan Voleybol Federasiyası bir ayın maaşını ödəməyi boynuna götürdükdən
sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Bununla belə, “Xarı Bülbül Şuşa”nın Afinada keçirəcəyi səfər oyununa çıxması
sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri
maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda üç gün ərzində maliyyə
tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın
“Spartak” klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.
13:04
Kişilərdən ibarət “Xarı Bülbül” voleybol klubu Azərbaycan Voleybol
Federasiyasına (AVF) müraciət ünvanlayıb.
Müraciət bu gün Yüksək Liqada keçirilməsi nəzərdə tutulan oyunun təxirə
salınması ilə bağlıdır.
Sənəddə bildirilir ki, “Xarı Bülbül” klubu Çelenc Kubokunun 1/16 final
mərhələsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı
cavab matçına çıxacaq. Şuşa təmsilçisinin bu oyuna səmərəli hazırlaşa bilməsi
üçün noyabrın 23-də Azərbaycan çempionatında “Xarı Bülbül”ə (Laçın) qarşı
matçının təxirə salınması xahiş olunub.
AVF bu müraciəti nəzərə alaraq, noyabrın 23-nə planlaşdırılan “Xarı Bülbül”
(Şuşa) – “Xarı Bülbül” (Laçın) görüşünün təxirə salınması ilə bağlı qərar qəbul
edib.
Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat
19:00-da “Azərreyl” – “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın)
matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.