Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu başa çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə
ilk dəfə təşkil edilən Musiqi Forumu başa çatıb.
APA xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi
çərçivəsində keçirilən Musiqi Forumu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası,
Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.
3 gün davam edən forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun
ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və
s. mövzular üzrə panellər təşkil olunub.
Forumun sonuncu günündə 5-ci paneldə çıxış edən musiqişünas, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor
Könül Nəsirova Azərbaycan xalqının musiqi savadının, zövqünün artırılması
istiqamətində aparılan işlərdən danışıb. Musiqişünas, Əməkdar incəsənət xadimi
Zümrüd Dadaşzadə çıxışında musiqi sahəsində cari vəziyyətlə bağlı düşüncələrini
bölüşüb.
Forumun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” adlı
növbəti paneldə isə Azərbaycan xoreoqrafiya sənətinin müasir çağırışlarla
uzlaşması müzakirə edilib, təkliflər səsləndirilib.
Forumun sonunda tədbir iştirakçıları ilə kollektiv şəkil çəkdirilib.