Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir. Mayın 5-nə kimi davam
edəcək Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.
Cixisyolu.com xəbər verir ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində
xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulur. Buraya qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv
sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün
ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası,
yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı
günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi
dekorasiyalar ilə bəzədiləcək.
Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün
mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması,
xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış
ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça” ASC-nin Azərbaycanın 14
regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində
dərslər təqdim edəcəklər. Həmçinin, Mədəniyyət, Elm və Təhsil Nazirliyi Milli
Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev
sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş
“Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs
nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və
yaşadılması missiyasını daşıyır.
Daha çox foto burada: PhotoStock.az
Almaz Qasımova