1196db07-dc6a-446c-b813-ff6cbb8773b5..jpg

Azərbaycanda inkassatorları robotlar əvəzləyə bilər

Baxış sayı: 886 dəfə baxılıb.

Azərbaycanda inkassatorları robotlar əvəzləyə bilər

“Gələcəkdə Azərbaycanın bank sektorunda inkassasiya prosesi (pul daşınması
xidməti) robotların iştirakı ilə həyata keçirilə bilər”.

Bunu İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf
Texnologiyaları: IV Sənaye İnqilabının Texnologiyaları və Bulud Həlləri”
mövzusunda Bakıda keçirilən tədbirdə “Kapital Bank” ASC-nin Təhlil və
koordinasiya şöbəsinin müdiri Turqut Abdullayev “Report”un sualını
cavablandırarkən bildirib.

Onun sözlərinə görə, 20-30 il sonra bu proses robotlara çip yerləşdirməklə
reallaşdırıla bilər:

“Bu, “chat” sistemində verilən avtomatik cavablar kimi olacaq. Yeni robot
məlumatları insan kimi emal edə biləcək”.

Bundan başqa, bank rəsmisi deyib ki, bankomatların (ATM) nağd pula
əlçatanlığını təmin etmək üçün süni intellektdən istifadə edilə bilər:

“Bankomatlarda çox pul saxlamaq riskdir. Çünki oğurluq hadisəsi baş verə
bilər. Eyni zamanda, bankomatlarda nağd pulun lazımi qədər olmaması
müştərilərin narazılığına səbəb ola bilər. Bu kimi çətinlikləri aradan
qaldırmaq üçün biz süni intellekt və bulud texnologiyalarından istifadə edə
bilərik”.

“Müştərilər problemli kartlarını bankomata salanda ATM-in ekranı dona və yaxud
sönə bilər. Bu kimi hallarda süni intellekt sistemi problemi bir neçə dəqiqə
ərzində aşkar edir və həll etməyə çalışır. Əgər həll edə bilməsə, bu zaman
texniki şöbə həmin bankomata yaxınlaşır. Bulud əsaslı sistemlər bizə
bankomatların balansını real vaxt rejimində izləməyə, texniki problemləri
varsa, onu həll etməyə, inkassasiyanı təmin etməyə kömək edir”, – deyə o qeyd
edib.

Source link