e0ea8cc5-f75a-4749-8af6-9e63539a8e8f..jpg

“Azərbaycanda investorlar var, startapçılar isə çatışmırlar” – “Kaspi”nin MÜSAHİBƏSİ + FOTO

Baxış sayı: 691 dəfə baxılıb.

“Azərbaycanda investorlar var, startapçılar isə çatışmırlar” – “Kaspi”nin
MÜSAHİBƏSİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbdə alıb. Məktəbi
fərqlənmə ilə bitirib. 642 bal toplayaraq Qafqaz Universitetinin Mexanika
mühəndisliyi ixtisasına qəbul olub. Elə hər şey bundan sonra başlayıb.
Müsahibimiz bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Tariyel
Ağazadədir. O, 2020-ci ildə Azərbaycan İnnovasiya Mükafatı üzrə “İlin
influenseri” adına da layiq görülüb. 2022-ci ildə “İlin Ekosistem Lokomotivi”
nominasiyası üzrə “İlin İnnovasiya Adamı” seçilib.

“Kaspi”

qəzetinin müsahibi bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən
Tariyel Ağazadədir.

“Əvvəl mühəndis olmaq istəyirdim”

T.Ağazadə deyir ki, onu innovasiya sahəsinə gətirən müəllimi olub: “Əvvəl
mühəndis olmaq istəyirdim, daha sonra özümü innovasiya, startap sahəsində
sınamağa qərar verdim. Müəllimimin şirkətində təcrübəçi olaraq işə başladım.
Bir il orada fəaliyyət göstərdim. Təcrübə müddəti bitdikdən sonra elə həmin
şirkətdə işə başladım. Daha sonra fəaliyyətimi proqram meneceri olaraq davam
etdirdim. Əsası Türkiyədə qoyulmuş və qurucularından biri azərbaycanlı olan
startapdan inkişaf üzrə menecer vəzifəsinə dəvət aldım. Orada bir il işlədim.
Bu zaman müddətində startapda proseslərin necə getdiyini, biznesin necə
qurulduğunu öyrəndim. Sonra Azərbaycanın böyük banklarının birindən iş təklifi
gəldi. Orada innovasiya proqramı yaradılırdı və aparıcı mütəxəssis tələb
olunurdu. İki ilə yaxındır onlarla çalışıram”.

Uğursuzluqdan dərs almaq

Tariyelin texnologiya sahəsində müxtəlif uğurları mövcuddur: “Əvvəldən
texnologiya sahəsinə böyük həvəsim var idi. Universitet vaxtı fikirləşdim ki,
özümə bloq yaradım. Bloqumu inkişaf etdirib texnologiya və startap paylaşan bir
platforma yaratdım. Onu dövlət qurumuna satdıq. Bu, mənim ilk uğurlu biznes
layihəm idi. Amma uğursuz olub fəaliyyətini dayandıranlar da mövcuddur. Sonra
düşündüm ki, bu işə daha ciddi yanaşmaq və daha böyük investisiya lazımdır.
Texnologiya, startap və innovasiya haqqında olan xəbər platformamı yaratdım.
Hər bir uğursuzluq təcrübədir. Uğursuz hesab etdiyiniz layihə zamanınızı,
maliyyənizi alır. Amma bunun qarşılığında sizə təcrübə verir ki, növbəti dəfə
addım atanda həmin səhvi təkrar etməyəsiniz”.

Uğurlu olmaq üçün ölkənin fərqi yoxdur

Müsahibimiz uğurlu olmağın sirlərindən də danışdı: “Kimisə təqlid etmək, model
kimi götürmək olar. Amma getdiyin yol mütləq fərqli olmalıdır. Bəzən deyirlər
doğulduğun ölkədən asılı olaraq ya geridə, ya öndəsən. Amma mən düşünürəm ki,
hər şey insanın özündən asılıdır. Hər bir insan atacağı addıma və verdiyi
qərarlara görə nəticə alır. Hər uğurlu insanın məqsədləri, hədəfləri var. Həmin
məqsədə getmək üçün kiçik hədəflərin olmalıdır. Onlara bir-bir çatmalısan. Belə
olduqda yorulmadan, ruhdan düşmədən, motivasiyalı böyük məqsədə doğru
irəliləyirsən. Mənim məqsədim var idi ki, Azərbaycanda texnologiya sahəsində
elə bir media qurum ki, ən azı “TOP 3”də olsun, bir çox brendlərlə işləsin.
Növbəti hədəf regionda bu uğuru böyütməkdir. Uzun vədəli məqsədlərdə
milyonlarla insan tərəfindən istifadə olunan və qlobal səviyyədə fəaliyyət
göstərən startap yaratmaq istəyirəm. Uğurlu olduqdan sonra şirkəti satıb
qazancımdan investor kimi azərbaycanlı startapçılara yatırım etmək
niyyətindəyəm”.

Startap həyatımızı dəyişir

Müsahibimizin sözlərinə görə, startap dünyada çox yayılsa da, Azərbaycanda
yatırım ediləcək layihə yoxdur: “İstifadə etdiyimiz sosial şəbəkələr, taksi
xidmətləri və sair – hamısı startapdır. Saniyələr içində milyonlar qazanırlar.
Startap həm onu quran adamın, həm ondan istifadə edənlərin həyatını dəyişir.
Azərbaycanda startapa daha çox cavan nəsil maraq göstərdiyinə görə bir az
qeyri-ciddi yanaşırlar. Amma startap qətiyyən boş bir şey deyil, biznesdir.
Ənənəvi biznes kimi market açırıq, restoran qururuq ki, o bizə pul qazandırsın.
Startap da eyni məntiqə xidmət edir. Sadəcə, yeni bir şey yaradırsınız və o,
insanların həyatını rahatlaşdırmalı, problemlərini həll etməlidir. Bizdə buna
yarış kimi baxırlar. Bəzən yaradırlar ki, sırf mükafat alsınlar. Amma son illər
atılan addımlar sayəsində insanların startap anlayışı yavaş-yavaş dəyişir, daha
düzgün şəklə gəlir. Özəl qurumlar da yatırımlarını innovasiya sahəsinə edir ki,
ölkəyə daha çox fayda versin. Azərbaycanda özəl investorlar bu sahəni öyrənib,
startaplara yatırım etmək istəyirlər. Hazırda Azərbaycanda investorlarla bağlı
problem yoxdur, əksinə, keyfiyyətli startaplar çatışmır. Əvvəl investor da yox
idi, startap da”.

Həmçinin biznesin inkişafı üzrə menecer olan Tariyel Ağazadə deyir ki, startap
qurarkən tələsmək olmaz: “Tövsiyə edərdim ki, startap quran, yaxud buna maraq
göstərən insanlar məhz ekspert olduğu sahə ilə bağlı startap yaratsınlar. Çünki
ekspert olduqları sahədə təcrübələri və əlaqələri var. Startapların 90 faizi
uğursuz olur. Başlıca məqsəd pul qazanmaq, yaxud istifadəçi yığmaqdır.
Baxmalıdırlar ki, startapdan pul qazanırlarmı? Yaxud kütlə yığdıqdan sonra
qazanc gətirə biləcəkmi? Bu layihə insanlara lazımdırmı?”

“Özəl şirkətlər çoxlu yatırım edirlər”

Həmsöhbətimiz hər il ölkəmizi dünyada müxtəlif tədbirlərdə təmsil edir:
“Ölkəmiz innovasiya və texnologiya sahəsində bir neçə il geridədir. Biz birbaşa
onların səviyyəsinə gəlmək üçün radikal addımlar atmalıyıq. Məsələn, Çin
inkişaf etməkdə olan ölkədir. Onlar bizdən daha geridə idilər. Texnologiya
məsələsinə dövlət o qədər önəm verdi ki, inkişaf etmiş ölkələrdən də önə
keçdilər. Tədbirlərdə görürdüm ki, daha maraqlı, kreativ, çətin məsələləri
asanlaşdıran startaplar yaradırlar. Xarici ölkələrdə hər bir dövlət qurumunun
innovasiya ilə bağlı işi var. Özəl şirkətlər də çoxlu yatırım edirlər. Özləri
də startap qururlar, bu texnologiyaları araşdırmaq üçün laboratoriya
yaradırlar. Ən bəyəndiyim texnologiya tədbiri İspaniyanın Barselona şəhərində
baş tutub. Orada maraq dairəmdə olan ən son texnoloji cihazları təqdim edirlər”.

“Daha çox texnoloji kitablar oxuyuram”

Deyirlər ki, texnologiya ilə maraqlanan insanlar ruhsuz olur, insanlarla
ünsiyyət qurmurlar. Tariyel isə deyir ki, buna peşəkar iş kimi baxdığına görə,
onda belə deyil. Amma bir çox hallarda sosial media, virtual reallıq insanları
real həyatdan uzaqlaşdırır: “Mən platformaya, sosial mediaya daha çox alət,
qazanc mənbəyi kimi baxıram. Necə ustaların alətləri olur, mənim də alətim
sosial mediadır. Bu alət məni real həyatdan qətiyyən uzaqlaşdırmır, əksinə,
daha yaxşı yaşamaq, daha çox pul qazanmaq, inkişaf etmək, insanlarla tanış
olmaq üçün vasitə olur. Ayda bir dənə kitab oxuyuram. O da məhz texnoloji,
biznes sahəsində olur. Zamanında poetik şeirlər, romanlar oxumağım cəmiyyətə
yararlı kadr olmağıma, danışığıma, hərəkətlərimə təsir edib. Amma hazırda vaxt
itkisi olmaması üçün işimə tətbiq edə biləcəyim kitablara daha çox diqqət
edirəm”.

“Hər il yeni telefon alırıq, amma…”

T.Ağazadənin fikrincə, ölkəmizdə texnologiyadan istifadə yüksək səviyyədə
deyil: “Hər il yeni telefon alırıq, amma texnoloji yeniliyinə görə yox, sırf
brendinə görə. Bəzən dünyada çox populyar olan yenilik bizim insanlar
tərəfindən başa düşülmür. Mən bloqumda insanlara texnologiyanı, texnoloji
yenilikləri sevdirmək üçün çox sadə, bəsit dildə izah edirəm. Videoları sadə
dildə çəkdiyimiz, hamını nəzərə aldığımız üçün milyonlarla insan tərəfindən
izlənilir. Platformada izləyicilərdən gələn maraqlı, texnoloji sualları
cavablandırırıq. Ailə-məişət problemləri ilə bağlı sualları cavablandıranda
milyonlarla izlənmə gəlir. Məsələn, “yoldaşımın xəyanətini necə tapım”,
“telefonunu necə izləyim”, “parolunu necə qıra bilərəm”. Qeyri-qanuni olan
şeyləri çalışırıq ki, səsləndirməyək”.

Bloqerlərə qazandıran da insanlardır

İlin influenserilə ölkəmizdə və dünyada məşhur olan influenserliyin sirləri
haqqında da söhbətləşdik: “İnfluenserin mənası kütləyə təsir etməkdir.
Texnologiya sahəsində kütlə bir az dardır. Çünki hamı bizim videoları izləyib
başa düşə bilməz. Gözəllik, yemək mövzusunu sevən insanlar və o sahədə
bloqerlər daha çoxdur. Amma texnologiya sahəsində barmaqla sayılacaq, heç 10
bloqer yoxdur. İzləyicimiz az olsa da, qiymətlərimiz onlardan daha bahadır.
Çünki dünya brendləri ilə işləyirik, həmçinin kontent daha çətin əmələ gəlir.
Brendlər də bizimlə işləməyə məcburdur, çünki başqa keyfiyyətli kontent yaradan
yoxdur. Sadəcə, insanlar bloqerlərin bu qədər qazandığını başa düşmək istəmir.
Amma onlara qazandıran da elə insanlardır. İnfluenserlər agentlik vasitəsilə
işləyirlər, dövlətə vergi ödəyirlər. Daha sonra agentlik bloqerlərə qeyri-rəsmi
və ya rəsmi pul köçürür”.

“TikTok”a qadağa qoyulanda heyifsilənirəm”

Tariyel “TikTok” platformasının düzgün istifadə olunmadığını, amma yavaş-yavaş
vəziyyətin dəyişə biləcəyini düşünür: “TikTok” çox möhtəşəm bir platformadır,
heç bir pis tərəfi yoxdur. “TikTok” istifadəçi sayına görə “Facebook”u da,
“Instagram”ı da keçib. Bəzi ölkələrdə qadağa qoyulanda çox məyus oluram. Çünki
yaradıcı insanların qazanc, tanınma mənbəyi, sadə insanların isə əyləncə
mərkəzidir. Bizim tiktokerlər bu platformanı səhv istifadə edirlərsə, bu,
onların günahıdır. “TikTok”da 100 minə yaxın izləyicimiz var. Telefon haqqında
bir videomuz 1,7 milyon dəfə izlənilib. Nazirliklərin, qurumların “TikTok”
səhifəsi var, öyrədici kontent yaradırlar. Azərbaycanda bu mövzuda dəyişmələr
baş verir və daha keyfiyyətli kontentlər gəlir”.

İnsanlarımızın saflığından istifadə edirlər

Dünya ölkələrində müxtəlif konfranslarda olan müsahibimiz bildirir ki, bizdə
bankçılıq digər ölkələrdən daha çox inkişaf edib. Azərbaycanda bank və maliyyə
sahəsində startapların az olmasına, çox da inkişaf etməməsinə görə banklar bu
məsuliyyəti üzərlərinə götürürlər və startap rolunu oynayırlar: “Bəzi ölkələrdə
pul köçürmək, kart yaratmaq, proqram yükləmək üçün banka yaxınlaşmalı, rəsmi
ərizə yazmalısan. Sadəcə, biz müqayisə edə, inkişafımızı görə bilmirik. Dünya
ölkələrində kibercinayətkarlıq, hakerlik çox inkişaf edib, dələduzluqlar daha
ciddi, çətin, düşünülmüş və ağıllı şəkildə baş verir. Ölkəmizdə isə insanların
kartından pul çəkilməsi, şəxsi məlumatların, şəkillərinin oğurlanması, şantaj
olunması son vaxtlar başlayıb. Bizdə daha çox insanların saf olmasından
istifadə edirlər. Məlumatların paylaşılması, pullarının çəkilməsi
insanlarımızın öz səhvidir. Rəsmi olmayan, məlumatları oğurlayan proqramları
yükləyirlər. Bütün banklar bildirir ki, şəxsi məlumatlarınızı heç kimlə
paylaşmayın, hətta bank əməkdaşları ilə də”.

Gördüyünüz işlərə dəyər verin

Son olaraq gənclərə tövsiyələr ilə söhbətimizi bitirdik: “Tövsiyəm odur ki,
hansı sahədə olursunuz olun, amma işinizi keyfiyyətli görməyə çalışın. İşi yola
versəniz, bilin ki, özünüzü yola verirsiniz. Maaşlı işlədiyiniz yerdə belə, işi
düzgün görsəniz, oradan öyrənəcəksiniz. İkinci məsələ insanlara faydanız
toxunmalıdır. İşlərlə bağlı paylaşımlar edin, görüşlərə gedin, maksimum faydalı
olmağa çalışın”.

Source link