Azərbaycanda istismarına icazə verilmiş obyektlər üçün çıxarışı necə almaq
olar? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin
istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü
il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-nə qədər tikilmiş
qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsi
qaydaları açıqlanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən
bildirilib.
Fərmana əsasən, sözügedən binaların sahibləri 2025-ci il yanvarın 1-dək
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına müraciət edə bilərlər.
Müraciət 1 iş günündə Dövlət Xidmətinə göndərilir və 15 iş günü ərzində yer
quruluşu planı tərtib edilir. Tikinti və onun yerləşdiyi torpaq sahəsinin planı
elektron qaydada FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin
qeyri-yaşayış binasının sahibinə göndərilir.
Əmlak sahibi isə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini,
qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150
kvadrat metrdən çox olduqda isə mühəndis-axtarış işlərinə dair hesabatları və
layihənin konstruksiya bölməsini FHN-ə təqdim etməlidir.
FHN 15 iş günü müddətində qeyri-yaşayış binasının istismara yararlılığını
müayinə edərək rəy verir. Rəy və yerquruluşu planı elektron qaydada Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə, Komitənin tabeliyindəki Ərazi-Tikinti
Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına
göndərilir.
Sənədlər üç iş günü müddətində təhlil edilir. Komitə və ya müvafiq yerli icra
hakimiyyəti orqanı 5 iş günü müddətində qeyri-yaşayış binasının istismarına
icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət Reyestrinə göndərir.
İcazə sənədi üç iş günü ərzində Dövlət Xidmətinə göndərilir, qeyri-yaşayış
binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınır və çıxarış verilir.
Sözügedən qaydalarla isə aşağıdakı videoda tanış olmaq mümkündür: