Azərbaycanda it-pişik saxlayanlara pis XƏBƏR
Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür.
Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər
məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya
çıxıb.
Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı
gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər.
Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət
üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) onların bəzi növlərinin idxalına
məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından
etibarən qüvvədədir.
Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti
nəzərəçarpacaq dərəcədə artıb – bəzi məhsullar üçün qiymət bir həftə ərzində
iki dəfə yüksəlib.
Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var – nəqliyyat tapmaq
və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem
istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.
Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana
hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.
“Report” bu suala cavabı daxili bazar iştirakçıları ilə araşdıraraq tapmaq
qərarına gəldi.
Heyvan mağazalarından birinin rəhbəri Teyyub Səlimov bildirib ki, it-pişik
yemlərində qıtlıq yaşanmır:
“Rusiya-Ukrayna müharibəsi başladığı ilk 20 gündə daşınmada, məhsulların
gətirilməsində problem yarandı. Hazırda isə it-pişik yemləri normal şəkildə
gətirilir. Doğrudur, qiymətlərdə artım var. Bütün məhsullarda 2 manata qədər
artım müşahidə olunur”.
Heyvan yemlərinin Azərbaycana kütləvi gətirilməsi ilə məşğul olan iş adamı
Xaləddin Həsənov bildirib ki, daimi partnyorlarla çalışdıqları üçün hazırda
it-pişik yemlərinin ölkəyə gətirilməsində heç bir problem yoxdur:
“Nə qədər mal sifariş ediriksə, o qədər də gəlir. Qiymət artımına gəlincə, bu
indiki vəziyyətdə qaçılmazdır. Lakin problemlərin tezliklə həll olunacağına
ümid edirik”.
Başqa bir iş adamı – Elman Xasıyev də bazarda qıtlığın olmadığını deyir:
“Bəzi problemlər yaşasaq da, indi vəziyyət sabitdir. Sifarişçilərimizə çatacaq
qədər mal gətirə bilirik. Amma gələcəklə bağlı konkret söz verə bilmərəm. Sabah
nəyin necə dəyişəcəyini demək olmaz”.