3808452c-3656-4e92-a90f-51a6476fdf5b..jpg

Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək

Baxış sayı: 790 dəfə baxılıb.

Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək

Nazirlər Kabineti “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının
siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” qərar verib.

APA-nın xəbərinə görə, qərara əsasən, 2025-ci il iyulun 15-dən avqustun 15-dək
Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.

Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər
tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron
informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi
sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb
ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə
olunmaqla sorğu yolu ilə keçiriləcək.

Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin
qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu
rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçiriləcək.

Qərara əsasən, Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun
keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb və
İstiqamətləndirici Komitənin tərkibi təsdiqlənib:

İstiqamətləndirici Komitənin sədri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

İstiqamətləndirici Komitə sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

İstiqamətləndirici Komitənin üzvləri:

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı.

İstiqamətləndirici Komitə:

– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə
bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və
təşkilatların fəaliyyətlərini əlaqələndirməli;

– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə
təqvim planını, siyahıyaalma vərəqəsi formasını və doldurulması qaydasını
təsdiq etməli;

– kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin
görülməsinə nəzarət etməli, onun vaxtında və keyfiyyətlə keçirilməsini təmin
etmək məqsədilə zəruri tədbirlər görməli;

– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə
əlaqədar qarşıya çıxan və bu Qərarla tənzimlənməyən məsələlərə dair zəruri
olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflərini təqdim
etməlidir.

Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və
onun keçirilməsi, əldə olunan məlumatların işlənilməsi və nəticələrin dərc
edilərək yayılmasını təmin etmək məqsədilə 2024-26-cı illər üçün dövlət
büdcəsində vəsait nəzərdə tutulmalıdır.

Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının
keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək
yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış
şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb
olunmaqla aşağıdakı tərkibdə Siyahıyaalma qrupunun yaradılmasına icazə
verməlidir:

– Siyahıyaalma qrupunun rəhbəri – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– Siyahıyaalma qrupu rəhbərinin müavini – 2025-ci il iyulun 1-dən dekabrın
30-dək;

– baş məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– aparıcı məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– məlumat bazasının administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– sistem administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– kompüter şəbəkəsi üzrə mütəxəssis – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

– təlimatçı-nəzarətçilər – orta hesabla 10 sayıcıya bir nəfər olmaqla 2025-ci
il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun
10-dan avqustun 18-dək);

– sayıcılar – orta hesabla 120 təsərrüfat üçün bir nəfər olmaqla 2025-ci il
iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun
10-dan avqustun 18-dək).

Bu Qərarda qeyd olunan şərtlərlə sayıcıların ümumi sayının 3 faizi hesabı ilə
ehtiyat sayıcılar müəyyən edilməlidir.

Təlimatçı-nəzarətçilər və sayıcılar istisna ilə, cəlb olunacaq şəxslərlə
münasibətlər əmək müqaviləsi, təlimatçı-nəzarətçilər və sayıcılarla isə xidmət
müqaviləsi ilə rəsmiləşdirilməlidir.

Dövlət Statistika Komitəsi:

– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə
təqvim planının, siyahıyaalma vərəqəsi formasının və doldurulması qaydasının
layihələrinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin
etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən
ibarət Texniki Komitə yaratmalı;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla, Siyahıyaalma qrupu işçilərinin aylıq vəzifə maaşlarının
(xidmət haqlarının) məbləğlərini müvafiq işçilərin vəzifə maaşları məbləğlərinə
uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq etməli;

– siyahıyaalma məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi,
işlənilməsi və yekunlarının əldə olunması məqsədilə proqram təminatının
hazırlanmasını təmin etməli;

– kənd təsərrüfatının siyahıyaalınmasının başlanılmasına azı 2 (iki) ay qalmış
onun keçirilməsi üçün zəruri olan metodoloji və digər materialların, habelə
əhalinin məlumatlandırılması üçün əyani vəsaitlərin çap edilməsini,
videoçarxların hazırlanmasını təmin etməli;

– kənd təsərrüfatının siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına
cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların seçilməsini və
təlimatlandırılmasını təmin etməli;

– kənd təsərrüfatının siyahıyaalınmasının əhəmiyyəti haqqında mediada xüsusi
maarifləndirici materialların yayımlanması üçün müvafiq tədbirlər görməli;

– kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün
alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyinin balansına
verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının şəhər, rayon, şəhər rayonlarının icra hakimiyyətləri:

– siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin
vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin
operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq
təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsini təmin
etmək məqsədilə 2024-cü ilin sonunadək Naxçıvan Muxtar Respublikası baş
nazirinin müavininin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti
başçıları müavinlərinin sədrliyi ilə kənd təsərrüfatının siyahıyaalınmasına
yardım komissiyaları yaratmalı;

– şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına
uçot sənədləri məlumatlarının aktuallaşdırılmasını və 2025-ci il aprelin 1-dən
gec olmayaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron
informasiya sisteminə daxil edilməsini təmin etməli;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan
tələbatın ödənilməsi məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış uçot
sahəsində səriştəsi olan şəxslərin kənd təsərrüfatının siyahıyaalınmasının
keçirilməsinə cəlb edilməsində kənd təsərrüfatının siyahıyaalınmasına yardım
komissiyalarına kömək göstərməlidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və
onun keçirilməsi ilə bağlı radio və televiziyada müntəzəm olaraq xüsusi
proqramlar təşkil etməli və bununla bağlı həyata keçirilən tədbirlərin geniş
işıqlandırılmasını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasında kənd
təsərrüfatının siyahıyaalınması dövründə telekommunikasiya şəbəkələrinin işinin
dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görməlidir.

Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, qərar “2018-25-ci illərdə
Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamının 5.1.2.9-cu yarımbəndinin
icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarda siyahıyaalmanın kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi
şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində
doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə
isə siyahıyaalmaya cəlb ediləcək şəxslər tərəfindən planşet tipli
kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçirilməsi, kənd
təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar
aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət
İstiqamətləndirici Komitənin, yerlərdə isə siyahıyaalma ilə əlaqədar
tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə
kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyalarının, həmçinin kənd
təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim
planının, siyahıyaalma vərəqəsinin hazırlanaraq İstiqamətləndirici Komitəyə
təqdim olunmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində aidiyyəti
dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitənin
yaradılması nəzərdə tutulub.

Qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı
məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması
vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən
istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri,
akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və
s. barədə aktual məlumatların əldə edilməsinə həmçinin cari statistik uçot
məlumatlarının dəqiqləşdirilməsinə, kənd təsərrüfatında baş verən proseslərin
qiymətləndirilməsinə, o cümlədən son siyahıyaalmadan ötən dövr ərzində baş
vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən
dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin
gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat
istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaradacaq.

Source link